​“Laçın sərhəd-keçid məntəqəsi tamamilə bağlana bilər” - AÇIQLAMA

“Ərazisində hər hansı bir təxribat olsa, dərhal lazım olan müvafiq tədbirləri görmək Azərbaycanın suveren haqqıdır. Müvəqqəti sakitliyin yaranması, baş verən insidentin fəsadlarının aradan qaldırılması üçün Laçın sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı addım atılması zəruridir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloq bildirib ki, sərhəd-keçid məntəqəsinin bağlanmasından sonra Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa keçid bağlı olacaq:

“Məsələnin digər tərəfi də odur ki, bu addım atılandan sonra ermənilər bütün dünyaya car çəkməyə başlayacaqlar ki, Azərbaycan bizim yolumuzu bağlayıb. Ermənistan və ona dəstək verən qüvvələr, məqsədyönlü şəkildə məntəqəni atəşə tutublar. İstəyirlər ki, Azərbaycanın onları guya blokada şəraitinə saldıqları mesajını versinlər. Amma təhlükəsizlik baxımından müəyyən zaman çərçivəsində sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı qərar verilə bilər”.

Siyasi şərhçi Elçin Xalidbəyli isə hesab edir ki, Ermənistanın son vaxtlar törətdiyi hərbi təxribatlar birmənalı şəkildə Rusiya və Fransanın maraqlarına cavab verir. Saytımıza açıqlamasında müsahibimiz vurğuladı ki, Fransa Cənubi Qafqaza yerləşmək üçün istinad mexanizmi axtarır. Rusiya isə bu regionda mövcudluğunu qorumağa çalışır:

“Bu iki dövlətə Cəbubi Qafqazda silahlı toqquşmaların baş verməsi tamamilə sərfəlidir. Bu baxımdan, Rusiya və Fransanın Cənubi Qafqazda sülh prosesini pozmaq üçün ortaq planlar üzrə hərəkət etdiyini də düşünmək olar. Ona görə də, Ermənistanın son hərbi təxribatlarının arxasında Fransa və Rusiyanın olduğu qətiyyən şübhə doğurmur. Məhz Fransanın xarici işlər naziri Katrin Kolonnanın Azərbaycanı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmasına görə ittiham etməsindən dərhal sonra Ermənistan həmin təxribatı törətdi”.

Rusiya mətbuatının da bu təxribata paralel olaraq, ABŞ-ın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçulara qarşı təzyiq göstərməsi barədə uydurma iddiaların ortaya atıldığını qeyd edən E.Xalidbəyli izah etdi ki,həmin iddialara görə, guya Ağ Ev erməni separatçı-terrorçuları Azərbaycanla üçüncü ölkədə danışıqlara razılaşmayacaqları təqdirdə, rəsmi Bakının antiterror əməliyyatına başlayacağı ilə hədələyib.

Ekspert bunun böyük yalan olduğunun, dərhal da nəzərə çarpdığını xüsusilə vurğuladı.

“Çünki erməni separatçı-terrorçular üçüncü ölkədə müzakirələrə onsuz da hazırdırlar. Ancaq rəsmi Bakı Qaradağ mövzusunu Azərbaycanın daxili işi hesab edir. Onu hər hansı üçüncü ölkədə hansısa vasitəçinin iştirakı ilə müzakirə etmək niyyətində deyil. Yəni, Rusiya belə uydurma iddialar ortaya atmaqla, əslində, Azərbaycanı dolayısı ilə şantaj etmiş olur. Ancaq Azərbaycan antiterror əməliyyatı məsələsində prinsipial qərarlar üzrə hərəkət etməklə, həm Fransanın, həm də Rusiyanın məkrli planlarını pozmağa nail olur. Belə ki, Azərbaycan erməni separatçı-terrorçulara qarşı antiterror əməliyyatına çoxdan başlayıb. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Azərbaycanın başlatdığı antiterror əməliyyatında ilk mərhələnin sona çatması anlamı daşıyırdı”.

Elçin Xalidbəylinin qənaətinə görə, Ermənistanın Laçın postuna qarşı hərbi təxribatı bu nəqliyyat-buraxılış məntəqəsinin tamamilə bağlanmasına səbəb ola bilər:

“Ermənistanın təxribat törətdiyini rəsmən etiraf etməsinə qədər bu vəziyyətin dəyişməz qala biləcəyi qətiyyən istisna deyil. Belə olarsa, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər müalicə və s. ehtiyaclarını ödəmək üçün daha Ermənistana deyil, məhz yaxındakı Azərbaycan şəhərlərinə üz tutmalı olacaqlar. Azərbaycan həm də həmin bölgədə yaşayan əhalinin bütün humanitar ehtiyaclarını da təmin edə bilər. Yəni, bu, Qarabağdakı erməni azlığın Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini sürətləndirə biləcək önəmli faktordur. Bu baxımdan, hesab etmək olar ki, hazırda Azərbaycan antiterror əməliyyatında ikinci mərhələyə də artıq start vermək üzrədir”.

Bəs bu mərhələ nə qədər davam edəcək?

“Bunun nə qədər sürəcəyi erməni separatçı-terrorçulardan asılı olacaq. Əgər, onlar təslim olmasalar, erməni azlığın Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini əngəlləməyə çalışsalar, rəsmi Bakı antiterror əməliyyatının növbəti mərhələsinə də start verməli olacaq. Yəni, Azərbaycanın artıq çoxdan başlamış və intensiv şəkildə davam edən antiterror əməliyyatı tezliklə aktiv hərbi fazaya keçirilə bilər. Bu halda, nə Rusiya, nə də Fransa erməni separatçı-terrorçulara dəstək verə bilməyəcək.Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda hərbi-siyasi proseslər məhz Azərbaycanın nəzarəti altındadır. Ona görə də, Fransa və Rusiyanın Ermənistan üzərindən qurduğu məkrli planların iflasa uğraması qaçılmaz xarakter daşıyır. Böyük ehtimalla yaxın vaxtlarda həm Fransa, həm də Rusiya üçün Cənubi Qafqazın “qapıları” bağlanmış olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı