"Xəbər gəldi ki, Şuşada bir erməni əsgəri də yoxdur" - Paşinyan

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Paşinyan bu gün 44 günlük Vətən müharibənin şəraitini araşdıran komissiyanın iclasında hesabat verib.

Metbuat.az xəbər verir ki, açıqlamalar verən Paşinyan Şuşanın Azərbaycan tərəfindən azad edilməsinin müharibədə dönüş nöqtəsi olduğunu qeyd edib. O bildirib ki, Şuşanın itirilməsi xəbəri onun üçün çox ağır olub:

"Şuşanın əsas əhəmiyyətinin daha da artdığını anlayaraq şəhərin müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi. Sonda görünürdü ki, bunun üçün hər şey edilib. Lakin bütün hazırlıq işləri aparıldıqdan sonra bir qrup azərbaycanlının müdafiəmizi yarıb Laçın-Xankəndi yolunda mövqe tutması xəbəri gəldi. Məlumatı mənə Arayik Arutyunyan verdi, lakin Baş Qərargah bu məlumatı təsdiqləmədi. Bir müddət sonra Arutyunyanın məlumatının doğru olduğu üzə çıxdı. Həmin andan Şuşanın əlimizdən çıxması prosesi başladı, oradan Azərbaycan Silahlı Qüvvələrinin nüfuz edən dəstəsi haqqında məlumatlar gəlməyə başladı. Nəticədə noyabrın 7-də günorta baş qərargah rəisi Onik Qasparyan mənə Şuşanın nəzarətimizdə olmadığını xəbər verdi. Mənim üçün bu, çox ağır xəbər idi".

Bundan sonra Paşinyan Şuşanın qaytarılması üçün əmr versə də, bunun heç bir nəticəsi olmayıb:

"Mən Şuşanın əldən çıxması xəbərini eşidəndə geri almağı tələb etdim. Nəticə etibarilə mənə əks-hücum və bəzi uğurlar haqqında məlumat verdilər, sonra əməliyyatın yaxşı getdiyini, sonra artıq Şuşada olduğumuzu bildirdilər. Üçtərəfli bəyanat imzalanmamışdan əvvəl mənə məlumat verildi ki, Şuşanın bir hissəsi nəzarət altına alınıb. Sonra bəyanatın imzalanması oldu, ondan sonra ayın 10-da hökumət binasına hücum oldu. Bir neçə gün sonra tam işə qayıdanda mənə dedilər ki, heç bir hadisə yoxdur. Şuşada bir erməni əsgəri də yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı