"Çindən Qarabağa dronlar gətirilib, 10 minlik ordu hazırlanıb..." - Politoloq AÇIQLADI

Avropanın nüfuzlu nəşrlərindən olan “Eureporter” Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri”, Rusiyadan Xankəndiyə göndərilmiş və hazırda da burada qalmağa davam edən Ruben Vardanyanı Avropa Birliyi və bütün Qərb üçün təhlükə adlandırıb.

Nəşr qeyd edib ki, Putinin “yaxın adamı” sayılan Vardanyan Qarabağ separatçı dəstəsinin “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur:

“Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Qarabağdakı silahlıları (qanunsuz silahlı dəstələri – red.) bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə Çin istehsalı “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia edilir".

Məsələni Metbuat.az-a şərh edən politoloq Turab Rzayev bildirdi ki, Ermənistan tərəfi Baş nazir Nikol Paşinyan hakimiyyətinin sülhə hazırlaşdığını, sülh tərəfdarı olduğunu və tezliklə sülh müqaviləsi imzalanacağını iddia edir. Hətta Paşinyan da açıq şəkildə erməni cəmiyyətini sülhə hazırlayaraq gerbdəki Ararat dağının çıxarılması, ölkə xəritələrinin doğru göstərilməsi kimi addımlar atır. Buna baxmayaraq biz Qarabağdakı separatçı rejim qalıqlarının da sürətli şəkildə silahlandığını görürük:

“Ermənistana sonuncu dəfə Fransa 50 ədəd "VAB MK 3" model zirehli transportyor göndərildi. Ondan əvvəl Ermənistan İranla kütləvi şəkildə hərbi əməkdaşlıq etməyə, silahlanmağa başlayıb. Ermənistanın Hindistandan aldığı silahlar bəllidir.

Digər tərəfdən, İran və Hindistandan sonra Fransa da Ermənistana hərbi ataşe təyin elədi. İran ilə Ermənistan ordusu arasında xüsusi müqavilə var. Bu əməkdaşlığa görə, İran erməni ordusunda təlimlər keçir və dron və raketlərin istifadəsini öyrədir. Eyni zamanda Fransayla da Ermənistan ordusuna təlim verməsi ilə bağlı razılıq əldə olunub. Yəni Ermənistana sülhə hazırlaşırsa bu qədər silahlanmaya nə ehtiyac var? İqtisadi vəziyyəti çox çətin olan Ermənistan əhalinin rifahını yaxşılaşdırmaqdansa, milyardlarla dolları silahlanmaya xərcləyir. Əgər Ermənistan bu qədər hazırlıq görürsə, demək o silahlardan hardasa istifadə etməyi də planlaşdırır”.

Gizli formada Qarabağdakı silahlı tör-töküntülərin silahlandığını deyən politoloq Ruben Vardanyanın qondarma respublikanın "prezidenti” Arayik Arutunyana verdiyi ultimatumu xatırladaraq bildirdi ki, Ermənistanın məqsədi Qarabağda müdafiə dəstələrini gücləndirməklə müdafiəyə hazır vəziyyətə gəlməkdir:

“Hesab edirəm ki, Qarabağdakı rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə 10 min nəfərlik ordu silahlandırılaraq tam hazır hərbi vəziyyətə gətirilib. Daha maraqlı bir məqam ondan ibarətdir ki, Çindən də əlavə olaraq Qarabağa dronlar gətirilib. Ermənistan ordusu 44 günlük müharibədəki məğlubiyyətinin həm də dronlar və pilotsuz uçuş avadanlıqlarına bağladığına görə onlardan geniş istifadə etməyə çalışır.

Məlumatlara görə, yüzlərlə Çin dronu Ermənistana göndərilib. Bütün bu proseslər də Rusiya Baş qərargahından idarə olunub. Faktiki olaraq Rusiya Baş qərargahı Qarabağda separatçıları dronlarla, digər silahlarla, on min nəfərlik nizami ordu ilə bizə qarşı silahlandırır. Bütün bu hadisələr də, həm Ermənistan rəhbərliyinin sülh istəkləri şübhə altına salır, həm də separatçı rejimin də Azərbaycana inteqrasiya çağırışına cavab verməməsinin əsas səbəbinin nə olduğunu göstərir. Onlar inteqrasiyada səmimi deyillər sadəcə vaxt uzatmağa çalışırlar”.

Gülbəniz Hüsyenli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı