Bakıda 2 nəfərdə “Kalaşnikov” və 10 kiloqram narkotik aşkarlanıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb. Tədbir zamanı Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov tutulub. Onun üzərindən və qəsəbə ərazisində yaşadığı evdən 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfinən keçirilən növbəti əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirməkdə şübhəli bilinən Sabirabad rayon sakini olan Rauf Hüseynov Bülbülə qəsəbəsində saxlanılıb. Həmin şəxs ifadəsində Binə qəsəbəsində ona məxsus bir ədəd odlu silahı qazaraq torpağa basdırdığını bildirib. Rauf Hüseynovun dediyi ünvana baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha məxsus patron darağı aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.