1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib.

Metbuat.az xəbər verir ki, Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkən sarımtıl rəngli, ağır bir daş tapıb. O, daşı evə apararaq atası Con Ridə göstərib. Lakin ailə daşın qızıl olduğunu anlamayıb.

1802-ci ildə Con Rid daşı zərgərə göstərib. Qızıl olduğu müəyyən edilən külçəni Rid cəmi 3,50 dollara satıb. Bu məbləğ həmin dövrdə bir fermerin təxminən bir həftəlik qazancına bərabər olub.

Sonradan Rid ərazisində qızıl axtarışlarına başlayıb. 1804-cü ildə mədəndə çalışan Peter adlı kölə uşaq təxminən 12,7 kiloqram ağırlığında başqa bir qızıl külçə tapıb. Bu kəşflər Şimali Karolinada qızıl hasilatının genişlənməsinə səbəb olub.

Rid qızıl mədəni 1966-cı ildə Milli Tarixi Abidə statusu alıb, 1977-ci ildə isə ziyarətçilərin üzünə açılıb. Bu gün turistlər tarixi mədəni gəzə, qızıl axtarışı üsulları ilə tanış ola və Konrad Ridin qızılı tapdığı dərənin ətrafını görə bilirlər.