"Qüdrətli Silahlı Qüvvələr Heydər Əliyev dühasının bəhrəsidir" - Firad Əliyev

Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi ilk günlərdən Silahlı Qüvvələrin təşkilinə başlanılıb və qısa zamanda buna müvəffəq olunub. Belə ki, Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk ordu hissəsi - Əlahiddə Azərbaycan korpusu təşkil edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmin faktı əsas tutaraq 1998-ci il mayın 22-də müvafiq Fərman imzalayıb. Həmin sənədə əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Bundan sonra hər il məhz bu gün ölkəmizdə Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Bu, öz keçmişinə hörmət, tarixi günün rəsmiləşdirilməsi olmaqla bərabər, hərbçilərimizə verilən növbəti dəyərin təcəssümü idi.

Bunu Metbuat.az-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O vurğulayıb ki, 1969-cu il iyulun 14-də hakimiyyətə gələn Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bu sahədə yaranmış tənəzzül Ulu Öndərin ölkəmizə birinci dəfə rəhbərliyi dövründə aradan qaldırıldı. Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, həmin müəssisələrdə o dövrün ən müasir texnologiyalarının tətbiqi ölkəmizin müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı. Bu da müstəqilliyə doğru gedən yolda vacib amillərdən idi. Bununla yanaşı, milli hərbi kadrların hazırlanması prosesi də sürətlə gedirdi. Müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı milli mütəxəssislərin hazırlanması istiqamətində dahi şəxsiyyət Heydər Əliyevin gördüyü böyük işlər bu dahi şəxsiyyətin uzaqgörənliyinin parlaq sübutu idi. Ordu qururculuğunda keyfiyyətli hərbi təhsilin formalaşdırılmasının və ixtisaslı gənc hərbi kadrların hazırlanmasının son dərəcə strateji əhəmiyyətli məsələ olduğunu hər zaman vurğulayan Ümummilli Lider bu sahəni də daim diqqət mərkəzində saxlayırdı. Qeyd olunan məsələnin vacibliyini nəzərə alan müdrik rəhbər Heydər Əliyev hələ sovetlər dövründə milli kadrların, xüsusilə peşəkar hərbçilərin hazırlanması istiqamətində misilsiz işlər görürdü. O, azərbaycanlı gənclərin hərtərəfli formalaşması üçün onların ali təhsil, o cümlədən xaricdə təhsil almalarına xüsusi önəm verməklə yüzlərlə şəxsin müxtəlif dövlətlərin ali təhsil müəssisələrinə, həmçinin ali hərbi məktəblərinə qəbul olunmaları istiqamətində əməli tədbirlər həyata keçirirdi. Bununla da Ümummilli Liderin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ali hərbi məktəblərə qəbul edilən gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə prosesi sürətləndi.

Bildirilib ki, digər istiqamət isə ölkə daxilində milli təhsil müəssisələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılması idi. Müttəfiq respublikalar arasında ilk dəfə və yalnız Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, Ulu Öndər buna nail oldu və məhz onun əzmi sayəsində 1971-ci il iyulun 19-da Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Həmin hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə rəvac verdi.

“Böyük şəxsiyyət Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da köklü islahatlar həyata keçirildi. Silahlı Qüvvələrin beynəlxalq əlaqələrinin genişləndirilməsini də hər zaman diqqətində saxlayan Ali Baş Komandan Heydər Əliyev onu müasirləşdirmək üçün sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyin zəruriliyini, Şimali Atlantika Alyansının isə beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq, ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması barədə qətiyyətli qərar verdi və 1994-cü il mayın 4-də Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı. Bundan sonra digər ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnilməklə, eləcə də hərb tariximizə əsaslanılmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradılması prosesi başladı, həyata keçirilən mühüm tədbirlər sayəsində çağırış və səfərbərlik işi də xeyli təkmilləşdirildi, həmçinin hərbi hissələrdə intizam möhkəmləndi və qanunun aliliyi prinsipi bərqərar oldu. Bununla da, görülən işlər qısa zamanda bəhrəsini verdi və Azərbaycanın qüdrətli ordusu yaranmağa başladı”, - deyə F.Əliyev diqqətə çatdırıb.

O deyib ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu strategiyasını dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşdı.

Bütün bunların nəticəsində 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan hərbçilərimiz düşmən üzərində parlaq qələbəmizi təmin etdi, hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

“İftixarla vurğulanmalıdır ki, uğurlarımızı şərtləndirən Ümummilli Lider Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin müdrikliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevan dəstəyi və millətimizin əzmkarlığı, eləcə də sarsılmaz xalq-iqtidar bağlılığıdır.

Qürurverici və sevindirici haldır ki, Ermənistanın Vətən müharibəsindən sonra ara-sıra törətdiyi növbəti təxribatlarının qarşısı qətiyyətlə alınır. Silahlı Qüvvələrimizin rəşadəti və hərbçilərimizin gücü bir daha sübut edir ki, Prezidentin dediyi kimi: “Dəmir yumruq yerindədir”. Əminik ki, “Dəmir yumruq” dövlətimizə və xalqımıza qarşı təxribat törətmək istəyənləri hər zaman əzəcək”, - deyə baş ədliyyə müşaviri qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı