“Bakı şəhərində bağ evlərinə tələbat əvvəlki illərdə daha çox idi. Lakin pandemiyadan sonra quru sərhədlərin bağlanması səbəbindən artıq paytaxt ərazisindəki bağ evlərinin kirayələrinə tələbat azalıb”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, son iki ilin statistikasına əsasən, əmlak alıcılarının böyük hissəsi artıq Azərbaycanın turistik bölgələrinə, xüsusən də Bakıya yaxın olan ərazilərə yatırım etməyə üstünlük verirlər:
“Pandemiya dövründə sərt karantin qaydalarına uyğun olaraq, insanlar dincəlmək üçün daha çox respublikanın rayonlarına gediş-gəliş etməyə başladılar. Bu da təbii ki, Azərbaycanın daxili turizmin inkişafına gətirib çıxardı. Nəticədə, bölgələrdə artıq yerli daxili turizm inkişaf etdiyinə görə, tələbat daha çox artdı. Hal-hazırda Bakıya nisbətən, bölgələrdə gündəlik kirayə mənzillərə tələbat daha çoxdur. Hətta qiymətlər də demək olar ki, şəhər qiymətlərinə bərabərdir. Bu vəziyyət yerli turizmin inkişafı ilə bərabər həmin ərazilərdə artıq iqtisadi vəziyyəti də yaxşılaşdırır.
Şəhər ərazisində, dənizkənarı ərazilərdə bağ evlərini kirayə götürənlər daha çox Rusiyada yaşayan azərbaycanlılar, xüsusən də Şərq ölkələrindən gələn turistlər idi. Onlar yay aylarında Bakıya istirahət üçün gələrək müəyyən zaman kəsiyində əsasən dənizə çıxışı olan bağ evlərini kirayə götürürdülər. Amma quru sərhədlərinin bağlı olması ölkəyə gələn xarici vətəndaşların, xüsusən digər ərazilərdə yaşayan azərbaycanlıların sayında azalma yaşatdı. Bu vəziyyət Bakı şəhərindəki bağ evlərinin həm satış, həm də kirayə qiymətlərinə təsir etdi. İndi qiymətlərdə ötən illərə nisbətən ucuzlaşma müşahidə edilir”.
Dənizə çıxış olan ərazilərin böyük hissəsinin müxtəlif şəxslər tərəfindən hasarlandığını vurğulayan Elnur Fərzəliyev qeyd etdi ki, çimərliklərə çıxışı olan ərazilərin məhdud sayda olması da bağ evlərini kirayə götürmək insanları fikrindən daşındırır:
“Çox az ərazilər var ki, orada olan bağ evlərindən dənizə çıxış var. Amma onların qiyməti də çox bahadır. Həmin pula digər bölgələrdə rahat şəkildə istirahət etmək olar. Əgər növbəti illərdə də quru sərhədləri bağlı olarsa, paytaxt ərazisindəki bağ evlərinin satış qiymətlərində də kəskin azalmalar müşahidə olunacaq.
Hazırda tələbat daha çox Azərbaycanın regionlarına, xüsusən şimal, cənub və qərb bölgələrinə axın həddindən artıq çoxdur. Artıq həmin ərazilərdə torpaq və həyət evlərinin satış qiymətlərində də artımlar müşahidə olunur”.
Gülbəniz Hüseynli / Metbuat.az