Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması səbəbi açıqlandı - RƏSMİ

Vəkillər Kollegiyası Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı qərara aydınlıq gətirib.

Metbiat.az xəbər verir ki, kollegiyadan verilən xəbərə görə, Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin müraciəti əsasında başlanıb və Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırma aparılıb.

Bildirilib ki, Elçin Sadıqov “Baku Steel Company” Şirkətinin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, müraciətdə qeyd olunan hallara dair publik qaydada - “O gündən sonra Əvəz dayanmadı, hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də, Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.”; “... Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox sənədlər verdiyimi deyim. Özü də elə dedi.” - məzmununda paylaşım edib. Bununla o, özünün etdiyi etirafa əsasən, qeyri-qanuni vasitəçiliyə əl ataraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə zidd olaraq jurnalistə etdiyi qeyri-rəsmi və qanunsuz ödəniş müqabilində müştərisi barədə publik çıxışların dayandırılmasını tələb edib.

Qeyd olunub ki, E.Sadıqovun Kollegiyadan xaric olunması ilə bağlı qərar vəkil kimi icraatında olan digər işlərlə deyil, məhz bu məsələ ilə bağlı yol verdiyi ciddi qanun pozuntusu ilə birbaşa əlaqəlidir. Həmçinin onun 06.07.2023-cü il tarixinədək hüquqi yardımın göstərilməsi haqqında bağladığı müqavilələrdə qeyd edilən instansiyalarda icraatında olan bütün işləri yekunlaşdırmağa icazə verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı