Həbsxanaya narkotik keçirməyə çalışanları hansı cəza gözləyir? - AÇIQLAMA

Zaman-zaman həbsdə olan tanışana gətirdiyi sovqatda narkotik keçirmək istəyən şəxlərlə bağl xəbərlər oxuyuruq. Hətta sonuncu dəfə ana həbsdə olan oğluna bişirdiyi blinçikin, digəri isə balın içində narkotik keçirməyə cəhd etmişdi. Bəs həbsdə olan tanışına bu formada narkotik ötürən şəxsləri hansı cəza gözləyir?

Metbuat.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, həmin şəxsin narkotiki cəzaçəkmə müəssisinə keçirməyinə görə məsuliyyət var. Burada müvafiq istintaq tədbirləri görülür:

"Narkotik vasitələri qanunsuz olaraq hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşınma, satma cinayət məsuliyyətinə səbəb olur. Bunların Cinayət Məcəlləsində narkotikin miqdarından asılı olaraq cəzası dəyişir. Narkotik vasitələrin qanunsuz keçirilməsi qəti qadağandır, cinayət məsuliyyətinə səbəb olur. Burada şəxs məqsədindən asılı olaraq həmin narkotik vasitələri cəzaçəkmə müəssisəssinə keçirdiyinə görə məsuliyyət daşıyır. Şəxsin narkotiki hansı məqsədlə ötürməsini də istintaq araşdırır. Aidiyyəti üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılır".

Şamil Paşayev

Bu məsələ Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tənzimlənir. Sözügedən maddədə qeyd olunur:

Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər bu əməllər külli miqdarda törədilsə, o zaman üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası var.

Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin bu əməllər yetkinlik yaşına çatmayanlara qarşı təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törədilsə, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda qeyd olunan əməllər əgər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar və külli miqdarda törədildikdə, eyni zamanda mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə isə əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, prekursorların, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin, psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulsa, o zaman min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı