"Azərbaycan diplomatiyası BMT TŞ-də növbəti dəfə qələbə çaldı" - Deputat

"BMT TŞ-nin iclasında Ermənistan və Fransanın Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamların qəbul olunmaması Azərbaycan diplomatiyasının növbəti uğurudur".

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat BMT TŞ-nin iclasında Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışı barədə danışaraq bildirdi ki, diplomatımız ümumi vəziyət barədə çox obyektiv, reallıqa və beynəlxalq hüquqa söykənmiş fikirləri auditoriyanın diqqətinə çatdırdı:

"Hörmətli Yaşar Əliyev Qarabağdakı ermənilər və Laçın yolu ilə bağlı çox geniş və məntiqli çıxış etdi. Daimi nümayəndəmiz Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı ünvanladığı bütün saxta ittihamları alt-üst etdi. Yaşar Əliyev çıxışında Ermənistanın təxribatçı siyasətini, Laçın yolunun bağlı olmaması və Azərbaycanın təklif etdiyi alternativlərini, Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab etməyimizi və onların bütün məsələlərini həll etməyə hazır olduğumuzu TŞ-nin üzvlərinin diqqətinə çatdırdı.

Həm də Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirdiyini, Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlara zəmanət verdiyini qeyd etdi".

Deputat son olaraq bildirdi ki, BMT TŞ-nin iclasında Ermənistan və Fransanın Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamların qəbul olunmaması Azərbaycan diplomatiyasının növbəti uğuru və beynəlxalq hüquqa hörmətlə yanaşmasının hələ də aktual qaldığının göstəricisidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR