Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib.
Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb.
Belə ki, avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığının tərəfimizdən məlumatlandırılmasına baxmayaraq bu günədək heç bir tədbir görülməyib.
Qeyd edirik ki, mülki aviasiyanın təhlükəsizliyinə radio-texniki müdaxilə qəbuledilməzdir və beynəlxalq mülki aviasiya təşkilatının müəyyən etdiyi qaydalara ziddir.