Neft qiymətləri artır: Büdcəyə hansı təsirləri olacaq? - TƏHLİL

Neftin qiymətində olan artım tendensiyası davam etməkdədir. Neft ölkəsi olan Azərbaycan da proseslərdən kənarda qalmır. Artıq "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.20% və ya 1.13 dollar artaraq 94.63 ABŞ dolları təşkil edib.

Azərbaycanın ixracatının 80 faizindən çoxunu neft və neft məhsulları təşkil etdiyini xatırladan millət vəkili Vüqar Bayramov Metbuat.az-a bildirdi ki, neftin bazar qiymətinin artması büdcəyə daxilolmalara, Azərbaycanın dövlət aktivlərinin artmasına, eyni zamanda həm Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəliklərinə, həm də büdcənin gəlirlər hissəsinə birbaşa təsir göstərir.

Neftin dünya bazar qiymətinin artmasının eyni zamanda Azərbaycan üçün fiskal baxımdan əhəmiyyətli olduğunu söyləyən Vüqar Bayramovun sözlərinə görə, büdcə gəlirlərindəki artımlar həm də xərcləmələrə birbaşa təsir göstərir:


“Əslində 2023-cü ilin dövlət büdcəsinə əlavə və dəyişikliyin edilməsinin əsas səbəblərindən biri də neftin bazar qiymətinin proqnoz qiymətdən daha yüksək olması ilə əlaqədar idi. Bu baxımdan qiymət artımları dövlət büdcəsindən xərclənmələri üçün, xüsusən də xərcləmələrin icrasının vaxtında və nəzərdə tutulan məbləğin həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurun bərpa-yenidənqurma prosesinin maliyyə təminatı baxımından vacibdir.

Digər tərəfdən, dövlət büdcəsindən maliyyələşdirilən proqramların icrasına, o cümlədən sosial proqramların maliyyələşdirilməsinə müsbət təsir göstərir. Büdcə gəlirləri nə qədər artırsa, büdcədən sosial istiqamətə ayrılan vəsaitin həcmində də artımlar müşahidə olunur. 2023-cü ilin dövlət büdcəsinin xərclərində sosial sferaya ayrılan vəsaitlərin həcmi ümumi büdcə gəlirlərinin 46 faizini təşkil edir. Bu da büdcə gəlirlərinin artması kontekstində sosial təminat tədbirlərinin gücləndirilməsi prioritetliyini qoruyub saxlanmasından xəbər verir”.

Mövzu barədə Metbuat.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, 2021-2022-ci illərdə olduqca əlverişli səviyyədə olan neft qiymətləri ölkədə makroiqtisadi sabitliyi təmin etməkdə böyük imkanlar yaradıb:

“Neftin dünya bazar qiymətinin yüksəlməsi hesabınadır ki, ölkəmizdə maliyyə sabitliyi hökm sürür. Ölkəyə daxil olan valyuta həcmi ölkədən çıxan valyuta həcmini üstələyir, tədiyyə balansımız və o cümlədən xarici ticarət balansımız məqbul xarakter daşıyır. Cari ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar müəyyən edilib. İl başlanandan bəri isə neftin dünya bazarındakı qiymətləri bu qiymətdən həmişə yüksəkdə dayanıb. Və elə bunun nəticəsidir ki, keçən il iyunun ortasında dövlət büdcəsinə yenidən baxıldı, dəqiqləşdirmə aparıldı. İyunun ortasında cari ilin dövlət büdcəsindəki rəqəmlərə yenidən baxıldı və büdcənin həcmi üç milyarddan çox məbləğdə artırıldı”.


Neftdən əldə olunan maliyyə imkanlarının da işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsinə yönəldiyini diqqətə çatdıran ekspert hesab edir ki, perspektivdə neftin dünya bazar qiymətlərinin növbəti ildə necə olacağı haqqında proqnoz irəli sürmək mümkün deyil:

“Sözügedən qiymətlər nə qədər yüksək səviyyədə olsa da, Azərbaycan iqtisadiyyatının inkişaf perspektivi bu qiymətlərə arxalanmağı və inkişafının buna söykənməyi ciddi şəkildə təhlükəli hesab edilir. Neftin dünya bazar qiymətləri nə qədər bahalı və bizim üçün əlverişli xarakter daşısa da, bu, ölkə iqtisadiyyatının gələcək inkişaf perspektivi üçün heç də sərfəli məsələ deyil. Nə qədər ki, neftin dünya bazar qiymətləri yüksəkdir, ondan istifadə edərək qeyri-neft və qaz sektorunun sürətli inkişafını təmin etməyə nail olmalıyıq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR