Metroda ödənişlə bağlı yenilik - Bu gündən qüvvəyə minir

"Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır.

Metbuat.az xəbər verir ki, Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

Bu məqsədlə “BakıKart” ödəmə sistemini həyata keçirən “K Group” MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb. Şirkət ötən müddətdə Bakı metropoliteninin stansiyalarındakı müvafiq avadanlıqlarda yeni sistemlərin quraşdırılması üçün mühüm olan texniki məsələləri öyrənib.

Yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir.

Bu üsulla ödəməni həyata keçirmək üçün aşağıda qeyd edilən addımları atmaq lazımdır:

1. “BakıKart” mobil tətbiqini “Google Play” (https://play.google.com/store/apps/details?id=prod.bakikart.az) və yaxud “App Store” (https://apps.apple.com/az/app/bakıkart/id6444960659) tətbiqlərindən yükləmək;

2. Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);

3. Pul kisəsində balansı ən azı 1 manat artırmaq;

4. QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır);

5. Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.

Tətbiq “BakıKart” plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.

QR bilet vaxta qənaətdir. Sərnişin plastik karta gediş haqqını yükləmə terminalına yaxınlaşmadan, elə hərəkətdə ikən mobil cihazında QR bilet yaradaraq turniketlərə yaxınlaşa bilər.

Bundan savayı, mobil tətbiqdən istifadə edərkən ödəniş tarixçələrini izləmək imkanı da əldə edilir. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək.

QR bilet istifadəçiləri bir neçə məqamı diqqətdə saxlamalıdırlar:

1. QR bilet yalnız bir gediş üçün etibarlıdır;
2. QR bilet 5 dəqiqə ərzində etibarlıdır;
3. QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;
4. Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;
5. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.

Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

“K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək. Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb.

Qeyd edək ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı