Məktəbli çantasının çəkisi bu qədər olmalıdır - XƏBƏRDARLIQ

Uşaqlarda skolioz və kifoz deformasiyaları 70 dərəcənin üzərində olduqda iç orqanlarda ciddi problemlərə səbəb ola bilir.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib. Həkim bildirib ki, deformasiyaların ağır formalarında onurğa beynində gərginliyə səbəb olur və bu da yerimədə problemlərə səbəb ola bilir:

    “Bu cür hallardan əvvəl müalicə və cərrahi müdaxilə edilərək deformasiyaların yarada biləcəyi problemlərin qarşısı alınır. Deformasiyalar 16 yaşa qədər müalicə edilməlidir”.

    Həkim qeyd edib ki, uşaqların məktəbli çantası bədən çəkisinin 10 faizindən çox olmamalıdır:

    "Çanta seçərkən yüngül və uşaqların yaşına uyğun olması nəzərə alınmalıdır. Uşaqların uzun müddət eyni vəziyyətdə oturması da düzgün deyil. Ona görə tövsiyə olunur ki, uşaqlar 35-40 dəqiqədən bir hərəkət üçün ayağa qalxmalı, fasilə verməlidir. Eyni zamanda, uşaqların idmanla məşğul olması, asudə vaxtlarını aktiv keçirməsi tövsiyə olunur".

    Həkim bildirib ki, skolioz qorxulu xəstəlik deyil:

    "Sadəcə vaxtında aşkarlamaq və müalicə ilə müsbət nəticə əldə etmək mümkündür. Onurğanın sağ və sol tərəflərində fərq varsa, bu zaman skoliozdan şübhələnmək olar. Bu halda mütəxəssisə müraciət etmək lazımdır. Bu problemin həllində valideyn, uşaq və həkim birlikdə mübarizə aparmalıdırlar. Skolioz genetik xəstəlikdir. Qan qohumluğu olan şəxslərdə bu problem olduğu halda valideynlər daha diqqətli olmalıdırlar”, - deyə həkim qeyd edib.

    Uşaqlarda bu cür problemlərin olmaması üçün görülən tədbirlər barədə danışan həkim bildirib ki, vacib şərt sağlam qidalanma və aktiv həyat tərzidir:

    “Uşaqları mineral, kalsium, proteinlə zəngin yeməklərlə qidalandırmaq, zərərli içki və yeməklərdən uzaq saxlamaq lazımdır. Eyni zamanda, uşaqların aktivliklərini məhdudlaşdırmamaq, yuxu rejiminə diqqət etmək önəmlidir”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı