Qaz puluna görə abonentə səhvən 1000 AZN borc yazıldı

Bakı şəhəri Binəqədi rayon sakininə 1000 manat məbləğində qaz pulu borcu yazılıb.

Bu barədə Metbuat.az-a şikayət edən abonent bildirdi ki, 2023-cü ilin avqust ayında ərazi üzrə “Azəriqaz”ın işçisi ona qəbz vermədən 1096 manat borcu olduğu barədə məlumat verib. Bu hadisədən sonra Binəqədi Qaz İstismar Sahəsinə şikayət edən vətəndaşa idarədən bildiriblər ki, sistemdə hesablama zamanı xəta olub, tezliklə problem aradan qaldırılacaq.

“Amma üzərindən bir neçə ay keçməsinə baxmayaraq hələ də adımda olan borc silinməyib. İdarədə mənə bildirdilər ki, borcum silinənə qədər qaz sərfiyyatından istifadə edə bilərəm. Dəfələrlə şikayət etsəm də, hətta bir çox dövlət orqanlarına məlumat versəm də, mənim adıma olan borc silinmir”.

Şikayətçi deyir ki, o baş verənlərlər bağlı “Azəriqaz”ın rəsmi səhifəsinə yazıb kömək istəsə də, şikayətinə cavab verən olmayıb.

Metbuat.az abonentin şikayətinə əsasən Azəriqaz İB in tərkibində olan Bakı Regional Qazın Satış Departamentinə müraciət etdi.

Departamentin rəisi Zamin Mehrəliyev bildirdi ki, məsələ ilə bağlı araşdırmalar aparıldıqdan sonra məhsuliyyəti daşıyan şəxs cəzalandırılıb.

“Abonentin iyun ayında sayğacında texniki olaraq göstərici səhv getmişdir. Biz bu vəziyyətdən iyul ayında xəbər tutmuşuq. Xəta ilə bağlı Azəriqaz İstehsalat Birliyinə məktub ünvanladıq ki, düzəliş olunsun. Artıq səhv hesablamaya yol verən həmin işçi cəzalandırılıb və göstəricidə düzəliş olunub. Vətəndaş Əflatun Ağayev oktyabr ayının bildirişi ona veriləndə məlumatların düzgünlüyünü görəcək”.

Zamin Mehrəliyev qeyd etdi ki, hazırda abonentdə 333 manat 42 qəpik debitor borc qalır ki, bu da onu sırf sərfiyyatdan və bundan qabaqkı əməliyyatlarından qalan borc məbləğidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR