Naxçıvan, 4 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) Yeni Azərbaycan Partiyası (YAP) Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə “Ailə və onun mənəvi əsasları” mövzusuna həsr olunmuş növbəti “dəyirmi masa”da universitetin müxtəlif fakültələrində təhsil alan, elmi-ictimai, siyasi fəallıqları ilə seçilən tələbə gənclər iştirak ediblər.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək, Azərbaycan xalqının mənsub olduğu qədim və zəngin ailə ənənələrindən, ailənin milli dəyərlərin yaşadılmasında, cəmiyyətin düzgün idarə olunmasında, xalqın fiziki və mənəvi sağlamlığındakı əhəmiyyətli rolundan danışıb. Qeyd olunub ki, sabahın ziyalıları olacaq tələbə gəncləri həm də gələcəyin ailə başçısı, valideyn kimi formalaşdırmaq baxımından ali təhsil müəssisələrinin, burada çalışan professor-müəllim heyətinin üzərinə mühüm vəzifələr düşür.
YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Kamal Camalov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənli, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev, İstanbul İnklüziv Araşdırmalar Mərkəzinin mütəxəssisi, defektoloq Mehmet Önemli çıxış edərək ailənin mənəvi əsasları, Azərbaycanda ailə quruculuğu və gender bərabərliyi ilə bağlı qəbul edilmiş hüquqi-normativ sənədlər barədə danışıblar. Çıxışlarda erkən nikah və boşanma hallarının aradan qaldırılması yolları, ailə münaqişələrinin səbəbləri, ailə psixologiyası və etikası, ailədə davranış mədəniyyəti, ağsaqqallara hörmət, Qərb-Şərq ailə dəyərləri arasındakı oxşar və fərqli cəhətlər barədə tələbələrə məlumat verilib.
Maraqlı diskussiya şəraitində keçən “dəyirmi masa”da universitet tələbələri mövzu ilə əlaqədar fikirlərini bildiriblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
