"Qanunla qadağan edilsə də, selektiv abortlar edən həkimlər var" - AÇIQLAMA

“BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib ki, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdə qərarlaşaraq hətta 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini belə üstələyib.

Qanunvericilikdə qadağan olsa da bu vəziyyətə nəzarət mexanizminin olmadığını deyən "Vətəndaş" İctimai Birliyinin sədri Günel Səfərova Metbuat.az-a bildirdi ki, Azərbaycanda hamiləliyin ilk üç ayından ananın həyatı üçün təhlükə təşkil etmədiyi halda selektiv abortlar aparan müəssisələr, klinikalar və həkimlər var:


“Ümumiyyətlə, bu tipli müəssisələrin monitorinqinin və nəzarətinin aparılmasında boşluqları görürük. Birincisi, “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilməyib. Bu qanunu illərdir Milli Məclis müzakirə etməyi planlaşdırsa da, hələ də qəbul etməyib. Digər tərəfdən də selektiv abortları məhdudlaşdıran qanunun olmasına baxmayaraq, təəssüf olsun ki, bu qanunun qaydalarına da əməl edilmir. Hazırda doğulan uşaqlar arasında qız uşaqlarının sayında getdikcə ciddi şəkildə azalma müşahidə edilir. Bu məsələ ilə bağlı sosioloji bir araşdırma aparsaq görəcəyik ki, qanundakı boşluqdan, icrada nəzarət mexanizmlərinin olmamasından, həm də ənənə və yanaşmadan yaranan məsələlər var”.

Cəmiyyətdə oğlan uşaqlarının ailənin davamçısı olmaq psixologiyasından irəli gələrək belə bir yanaşmanın formalaşdığını vurğulayan müsahibimiz qeyd etdi ki, erkən nikahlardan dünyaya gələn uşaqların sayının artması ilə bağlı statistika açıqlananda, insanlar adətən bunu inkar eləməyə çalışırlar:

“Təəssüf olsun ki, bu statistika reallığı əks etdirir. Biz nə qədər inkar etsək də, reallıq dəyişməzdir. Burada yalnız maarifləndirmə deyil, həm də nəzarət, monitorinq məsələsini gücləndirmək, qanunu pozanların ciddi cəzalandırılması kimi şərtlər olmalıdır. Maarifləndirmə sahəsində kifayət qədər işlər görülsə də, amma nəticə azalmaq yerinə artmağa doğru gedir. İki övlada baxmaq imkanında olan ailələrin əksəriyyəti bu şansı oğlan uşaqlarının seçimi istiqamətində dəyərləndirir. Mən hesab edirəm ki, məsələnin kökündə olan əsas boşluq da cinsiyyət bilindikdən sonra edilən selektiv abortlardır”,- deyə ekspert bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı