20 Yanvar qırğını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir

16:53 19 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+


Aktau, 19 yanvar, AzərTAc
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun təşkilatçılığı ilə azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyəti 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirib.
Əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunan fotosərgiyə baxış olub. Tədbir keçirilən zalda faciə ilə bağlı Azərbaycan, rus, ingilis dillərində müxtəlif dövrlərdə nəşr olunmuş kitab və jurnalların sərgisi də təşkil edilib.
Baş konsul Rəşad Məmmədov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında törədilən hadisələr barədə iştirakçılara məlumat verib. O, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz etirazını bildirən insanlara qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin ölkəmizdə misli görünməmiş faciəyə gətirib çıxardığını qeyd edib. Həmin gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu və bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıb.
“Dostluq” Milli-Mədəni Cəmiyyətinin sədri Vaqif Nəbiyev çıxış edərək faciənin səbəbləri və nəticələri barədə söhbət açıb.
Tədbirdə “Qanlı Yanvar” kitabı və digər çap məhsullarından ibarət sərgi təqdim edilib.
Bundan başqa, “CBC” telekanalı tərəfindən 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş “Дело №2” adlı sənədli film göstərilib.
İlahə Əhmədova
AzərTAc-ın xüsusi müxbiri
Aktau

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR