Ünvanlı sosial yardım kəsilsə əvəzində nə olacaq? - CAVAB

“Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin”.

Metbuat.az Yenisabah.az-a istadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik:

“Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.

Aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı olan ünvanlı dövlət sosial yardımı artıq bir neçə ildir ki, ölkəmizdə tətbiq edilir. Ümumilikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarınının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab edilir. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən bir il müddətinə təyin olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il iyulun 1-i vəziyyətinə əsasən 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 105,32 manat təşkil edib.

Qeyd edək ki, bu gün aztəminatlı ailələr işsizlik, maddi imkanların olmaması səbəbindən ünvanlı sosial yardım almaq məcburiyyətində qalırlar. Onu da vurğulayaq ki, bu gün bir sıra xarici ölkələrdə bu istiqamətdə bir sıra proqramlar həyata keçirilir.

Məsələn, ABŞ-da “ərzaq bankı” adlanan proqram həyata keçirilir ki, burada ehtiyacı olan vətəndaşlar istədiyi ərzağı əldə edə bilirlər. Ölkəmizdə onsuz da ünvanlı sosial yardımın əldə edilməsi ilə bağlı vətəndaşlar çətinliklərlə üzləşirlər.

Ünvanlı sosial yardım dayandırılarsa, hökumət hansı alternativ variant tətbiq irəli sürür?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hökumətin borcu alternativ, cəlbedici iş yerlərinin yaranması üçün müəyyən addımlar atmaqdır:

“Bundan sonra artıq təklif olunan işlər, yaxud istiqamətlər çoxaldıqca vətəndaşlar da sosial müavinətlər almaqdansa normal işləyib yaxşı maaş almağa üstünlük verəcəcəklər. Problemə bu istiqamətdən baxmaq lazımdır ki, alternativlər nədir, hökumət nə təklif edir. Elə təşviq proqramları olmalıdır ki, vətəndaşlar doğurdan da sosial müavinət yox, əməkhaqqı alsınlar. Birincisi, bu, vətəndaşın günahı deyil. İkincisi, elə kateqoriyalı insanlar var ki, onlar daim sosial müdafiə qayğısına möhtacdırlar.

Belə ki, əngəlli, iş qabiliyyətini itirmiş, müəyyən problemli insanlar daim sosial müdafiə qayğısından faydalanmalıdırlar. Ona görə də bu, vətəndaşları günahlandırmaq cəhdi kimi görünür. Sanki onlar işləmək istəmir və ancaq sosial yardım almaq istəyirlər. Əslində elə deyil. Azərbaycan vətəndaşı çalışqandır. Əgər o görsə ki, yüksək deyil, normal maaşlı işdə seçim imkanları var, sosial yardımdan daha çox maaş almaq imkanı yaranıb, gedib həmin işlə məşğul olacaq”.

Xarici ölkələrdə təşkil edilən ərzaq banklarına gəldikdə isə ekspert deyir ki, həmin ölkələrdə bunu mərkəzi hökumət deyil, seçilmiş bələdiyyələr, QHT-lər edir:

“Azərbaycanda bu ənənənin yaradılmasına ehtiyac var ki, bizdə də Böyük Şəhər Bələdiyyəsi formalaşsın və QHT-lər də burada aktiv rol almağa başlasınlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı