Yeni doğulan körpələrin sayı azalıb - “Uşaq pulu” problemi həll edəcək?

Azərbaycanda doğulan uşaqların sayı açıqlanıb. 2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə görə bu göstərici azalaraq 12,4-dən 11,2-yə düşüb.

Metbuat.az-ın məlumatına görə, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

Statistikaya nəzər salsaq görərik ki, 2015-ci ildə 166 min 210 uşaq dünyaya gəlsə də, ötən 8 il ərzində bu rəqəm daha da aşağı düşüb. 2015-ci illə müqayisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub, yəni doğuş sayı azalmaqdadır. Bununla yanaşı ölkədə birinci sinifə gedən uşaqların sayında da azalma müşahidə edilir.

2022-ci ilin tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılırdısa, bu il bu say 123300-ə bərabər olub.

Vəziyyəti dəyərləndirən ekspertlər hesab edir ki, ölkədə doğum faizinin aşağı düşməsinə səbəb maddi problemlər fonunda formalaşan vəziyyətdir. Uzun illərdir ölkədə “uşaq pulu”nun verilməsi ilə bağlı müzakirələr edilsə də, bu istiqamətdə müsbət irəliləyişə nail olunmayıb.

Millət vəkili Razi Nurullayev Metbuat.az-a bildirdi ki, o hər zaman “uşaq pulu”nun verilməsi tərəfdarı olub:

“Bu gün Azərbaycanda birinci sinfə gedən uşaqların sayı kəskin azalıb və azalmaqda davam edəcək. İnsanlar iki uşaqdan artıq uşaq dünyaya gətirmək istəmirlər. Bəzi ailələr isə birdən çox uşaq saxlaya bilmir, çünki onların bunun üçün imkanları yoxdur. Kənd yerlərində işləyən valideynlər iş yeri tapa bilməməklə bərabər, maaşlarını çətinliklə alırlar. Bütün bu faktların fonunda demoqrafiyanı qoruyub saxlamaq, insanların yaşayışı təmin etmək üçün “uşaq pulu” verilməlidir”.

Millət vəkili hesab edir ki, uşaq pulunun ödənilməsini mərhələlərlə təşkil etmək olar:

“Bir yaşından üç yaşına kimi uşağlara uşaq yeməyi dövlət tərəfindən pulsuz verilməlidir. Hər bir valideyn ay ərzində ən azından 300-400 manat pulu uşağı saxlamaq üçün xərcləməli olur. Sual oluna bilər, bu gün hansı ailənin uşağın xərcləri üçün üçün 300-400 manat ayırmaq imkanı var? Hazırda körpələr üçün mağazalarda satılan qidaların ən ucuzu 30-40 manatdan başlayır. Daha yaxşı hazır uşaq qidaları isə 150-200 manat arasında satılır. Bu qiymətlərlə heç bir valideyn ikinci uşaq dünyaya gətirmək barədə düşünə bilməz.

Bu baxımdan “uşaq pulu” verilməlidir. Vacib deyil 18 yaşına qədər verilsin. Bunu uşağın əsas inkişaf aralıqları olan yaş dövrlərində, məsələn, bir yaşından üç yaşına qədər, üç yaşından beş yaşına və daha sonra bir qədər də artıraraq ailələrə kömək etmək olar. Bu gün dövlət tərəfindən çoxlu sosial müavinətlər verilir. Onların bir çoxunu azaltmaqla oradan da əldə olunan pulu birbaşa hər bir imkansız ailəyə verməklə məsələni həll etmək olar. Dövlətin əhalinin imkan səviyyəsi ilə bağlı elektron siyahıları var. İmkanı yaxşı, varlı ailələrə bu müavinət verilməsin. Cəmiyyətdə də ictimai qınaq formalaşarsa onlar da bundan şəxsən imtina edəcəklər”.

Dünyada bir çox “uşaq pulu” verilməsi ilə bağlı praktikanın mövcud olduğunu qeyd edən millət vəkili vurğuladı ki, alternativ variant seçilərək tətbiq edilə bilər:

Son zamanlar ümumiyyətlə Azərbaycanda bağlanan nikahların sayında azalmaların olduğunu xatırladan millət vəkili vurğuladı ki, sosial vəziyyəti yaxşı olmayan gənclər üçün məişət qayğılarının həll edilməsinə ehtiyac var:

“Yaşı 35-40 yaşına çatan amma maddi problemlərə görə ailə qura bilməyən şəxslər çoxdur. Onların sosial vəziyyətləri yaxşı olmadığı üçün bu addımı ata bilmirlər. 1000 manatdan başlayan əmək haqqı alan gənclər azdır. İpoteka kreditləri də o qədər əlçatan deyil ki, mənzil şəraitlərini bu yolla həll etmiş olsunlar. Kirayə qiymətləri də yüksəkdir. Nəticədə, ailədə problemlər yaranır və bunun da nəticəsində ailə dağılır. Bəzi atalar ümumiyyətlə uşaqlarını atıb gedirlər. Nəticədə, analar aliment almaq üçün məhkəmələrə üz tutmalı olurlar. Bu gün bu problemlərə görə ailə dəyərlərimiz təhlükə altına düşüb. Bu məsələlərin həll olunması vacibdir”.

Xatırladaq ki, ölkədə uşağın anadan olmasına görə birdəfəlik müavinət 500 manata çatdırılıb. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət 100 manat, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 105 manat müəyyən olunub.

Mövzu barədə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, ailədaxilindəki münaqişələr, məişət qayğıları orada böyüyən hər bir uşağın psixologiyasına də ciddi təsir edir:

“İndi ailələr ikinci uşaq seçimini adətən oğlan uşaq tərəfindən edirlər. Selektiv abortların çoxalması qız uşaqlarının ana bətnində qətlə yetirməsinə səbəb olur. Bu kimi halların qarşısını almaq üçün sosial sifariş, humanitar siyasət lazımdır. Bu istiqamətdə layihələr həyata keçirilməlidir. Mən aidiyyəti qurumlara təkliflər də edirəm, amma etinasızlıq var. Problemlər çoxaldıqca cəmiyyət də mürəkkəbləşir. İnsanları bu yöndə maarifləndirmək üçün layihələr həyata keçirmək mütləqdir. Əks halda, vəziyyət daha da pisləşə bilər”.


Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halı qeydə alınıb. Bu ötən illərlər müqayisədə kifayət qədər böyük rəqəmdir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb. Boşanma üçün müraciət edib evlilik aktını bitirənlərin sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı