İndiyədək 484 uşaq övladlığa verilib - RƏSMİ

Səlahiyyətlər nazirliyə verildiyi tarixdən indiyədək 484 uşaq övladlığa verilib.

Metbuat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, himayədar ailə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş, öz ailəsində qalması mümkün olmayan uşaqların qısa və uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla, müqavilə əsasında ailə mühitində böyüməsini təmin edən ailə əsaslı alternativ proqramdır.

“Himayədar ailə qayğı modelinin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb, tərbiyə almasının təmin edilməsidir", - deyə o əlavə edib.

Nazir müavini bildirib ki, zərurət olmadan uşaqların müəssisəyə düşməsinin qarşısını almaq məqsədilə Ailə Məcəlləsinin 106-cı maddəsinə edilən dəyişikliyə əsasən, nazirlik valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə məlumat əldə etdikdən sonra onların ilkin qiymətləndirilməsini həyata keçirir.

"İlkin qiymətləndirilmənin həyata keçirilməsində məqsəd uşaqların ailədən ayrılma zərurətini müəyyənləşdirməkdir. Əgər ailədə saxlanmaq uşağın mənafeyinə uyğundursa, ailənin əsaslı qiymətləndirilməsi həyata keçirilməklə ailə-inkişaf planı hazırlanır. Uşağın ailəsində qalması qeyri-mümkün olduqda nazirlik tərəfindən onun himayədar ailəyə verilməsi və ya müəssisəyə yerləşdirilməsi imkanları araşdırılır.

Səlahiyyətlər nazirliyə verildiyi tarixdən bugünədək 326 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, 423 uşaq isə müəssisələrdən ailələrinə inteqrasiya edilib.

Nazirlik valideynlik vəzifələrini icra etməyən və ya valideynlik hüquqlarından sui-istifadə edən valideynləri çəkindirmək, uşaqların maraqlarını qorumaq məqsədilə məhkəmələrdə valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddialar qaldırmaq səlahiyyətinə malikdir. Hazırda nazirliyin iddiaçı olduğu 6 məhrumetmə və 1 məhdudlaşdırma olmaqla 7 belə iş üzrə məhkəmə icraatı aparılmaqdadır", - deyə o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı