QAİ ABŞ-dan Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi tələb edib

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyası dini azadlıqlara dair hesabatının ölkəmizlə bağlı hissəsində qərəz və Azərbaycanofobiyaya yer verib. BMT missiyasının 2023-cü ilin oktyabrında Azərbaycanın Qarabağ bölgəsinə həyata keçirdiyi səfərdən sonra dərc etdiyi hesabatda oradakı mədəni və dini abidələrə heç bir zərər verilmədiyini təsdiqləməsinə baxmayaraq, komissiya naməlum “insan haqları təşkilatları”nın hansısa narahatlıqları olduğunu qeyd edir.

Metbuat.az xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının açıqlamasında yer alıb.

Açıqlamada, həmçinin bildirilib: “Bu hesabat Dövlət Departamentinin cari ilin mayında bu mövzuda dərc etdiyi anti-Azərbaycan hesabatı ilə eyni dəsti-xətlə yazılıb. Komissiyanın hesabatının Dövlət Departamentinin hesabatından yeganə fərqi Azərbaycana qarşı iddialarını əsaslandırmaq üçün radikal millətçi erməni müəllifləri olan L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyana daha açıq şəkildə istinad etməməsidir.

Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən ABŞ-ın sözügedən qurumu, nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət qeydiyyatından keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir.

Qərbi Azərbaycan İcması ABŞ-dan Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edir. ABŞ insan hüquqları və dini irs məsələsində səmimidirsə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməli, Ermənistanda dağıdılan Azərbaycan dini və mədəni irsinin bərpasına dəstək verməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı