Aydın Xandan Kamran Həsənliyə CAVAB: "Bir vaxt özü də..."

"Mən televiziyalarda azərbaycan dilində hazırlanan proqramları milli sərvətimiz sayıram. Telekanallarımız son illərdə inkişaf etdikcə, yeni-yeni məhsullar, filmlər, televiziya verilişləri, sənədli filmlər ortaya qoyduqca, nədənsə bunu gözü götürməyənlər, bizimlə düşmənçilik edənlər, ya da xaricin pulu ilə sifarişli internet televiziyası açıb orada yalnız mənfilikləri dilə gətirən Kamran Həsənli kimilərin tənqidi artır. Tənqid həmişə lazımdır, amma qərəzli olmayanda".

Bu sözləri Metbuat.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, televiziyada gedən verilişlər, orada iştirak edən ekspertlər, sənətçilər, intellektuallarımız bir daha sübut edir ki, çağdaş Azərbaycan düşüncəsi yerində durmur, dünyada baş verən hadisələrə adekvat cavab verə bilir və bizim düşüncələrimizi tamaşaçıya çatdıra bilir:

"Əgər biz düşünürüksə ki, bizim kanallarda yayımlanan verilişlər tamaşaçının zövqünü korlayır, onda məcburuq efirdə türk, Avropa, ABŞ proqramlarını, filmlərini yayımlayaq. Bununla bağlı Avropada çox böyük etirazlar var idi. Hətta Fransada parlament səviyyəsində ingilisdilli kontentin fransızdilli kontentləri üstələməsinin qarşısının alınması üçün qanun layihəsi təsdiq edildi.

Amma əvvəl televiziyada olub indi telekanalları qaralayan, öz ətrafına xaricdə bizi sevməyənləri, yeniyetmələri yığan şəxsi mən anlaya bilmirəm. Bu, peşəkarlıqdan da kənardır. Bir var Qulu Məhərrəmli kimi biri tənqid edə, bir də var özü bir vaxt zəif verilişlərlə Azərbaycan ictimaiyyətini heyrətləndirən bir şəxs edə. Oturduğumuz budağı kəsməklə heç nəyə nail ola bilmərik. Bu televiziya kanalları milli mədəniyyətimizin bir formasıdır və bunu belə də qəbul etmək lazımdır".

Xatırladaq ki, bir neçə gün öncə aparıcı Kamran Həsənli televiziyada yayımlanan proqramları sərt tənqid etmişdi.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR