​ “İRƏLİ” İctimai Birliyinin sədri cari il ərzində görülmüş işlərdən danışdı

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasının dövlət gənclər siyasətinə töhfələr verməyi özünün əsas hədəfi olaraq müəyyənləşdirmiş, gənclərin sağlam, rəqabətədavamlı və hərtərəfli inkişafı istiqamətində artıq 15 ildir ki, fəaliyyət göstərən respublikanın aparıcı gənclər təşkilatlarından biridir. Çıxdığımız bu yolda üzərimizə götürdüyümüz məsuliyyət Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğində bizə daha böyük stimul və güc verir.

Təşkilatımız ötən illərdə olduğu kimi 2023-cü ili də yüksək göstəricilərlə başa vurdu. Bildiyiniz kimi, ölkə başçısı tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar respublikamızın bütün bölgələrində genişmiqyaslı tədbirlərin keçirilməsi qərara alınıb. Bütün bu tədbirlərə dəstək məqsədilə, eləcə də, Ulu Öndərin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikirlərindən yola çıxaraq, “İRƏLİ” İctimai Birliyi Ümummilli Liderimizin həyat fəaliyyətinin öyrənilməsi və Ulu Öndər irsinin təbliği istiqamətində silsilə tədbirlər və layihələr həyata keçirib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və “Heydər Əliyev İli” çərçivəsində təşkilat tərəfindən 27 tədbir təşkil olunub. Bu tədbirlərə genişmiqyaslı layihələr, görüşlər, sərgi və konfranslar, eləcə də, digərlərini aid etmək mümkündür. Adı çəkilən tədbirlərdə ümumilikdə 5870 gənc iştirak edərək, Ulu Öndər irsinin yaşadılması və gələcək nəsillərə aşılanması işində birbaşa rol alıb.

“İRƏLİ” İctimai Birliyinin əsas fəaliyyət istiqamətinin gənclərin vətənpərvərlik ruhunda formalaşması, gənclər arasında Vətənə sədaqət məfkurəsinin genişləndirilməsi olmasını nəzərə alaraq, təşkilat tərəfindən bu istiqamətdə də böyük işlər görülüb. Bu istiqamətdə cari il ərzində 27 tədbir, 9 görüş, 11 ekskursiya keçirilib ki, bu tədbirlərdə ümumilikdə 5275 gəncin iştirakı qeydə alınıb.

Bununla yanaşı, “İRƏLİ” İctimai Birliyi tərəfindən 2023-cü il ərzində müxtəlif mövzuları əhatə edən layihələr icra olunub ki, bu sıraya “Təlimçilər üçün Təlim” proqramı, “Sosial İşin Əsasları” təhsil proqramının 3-cü və 4-cü mövsümləri, 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Həftəsi” çərçivəsində fəaliyyətlər, “Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması”, “Eynəyini Dəyişdir”, Pyhton Full Essentials”, “Qızıl Yardım” və “Keçmişini Öyrən, Gələcəyini Xilas Et” layihələrini əlavə edə bilərik. Adı çəkilən layihə və fəaliyyətlərdə 4800-dən çox gənc iştirak edib ki, bu da həyata keçirilən layihələrə gənclərin marağının bariz göstəricisidir.

2023-cü il “İRƏLİ” İctimai Birliyi üçün düşərgə fəaliyyətləri cəhətdən də olduqca məhsuldar oldu. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş “Gənc Mülki Müdafiəçilər” layihəsində gənclərimiz kollektiv mühafizə qurğuları və onlardan istifadə, yanğın təhlükəsizliyinin təmin olunması, çadır şəhərciyinin qurulması, axtarış-xilasetmə işinin təşkili, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi, xilasetmə alət və avadanlıqları və onların tətbiqi, həmçinin Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və digər mövzularda biliklər əldə etdilər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə cari il ərzində region gənclərinin inkişafı və gənclərin media sahəsində biliklərinin artırılması məqsədilə ümumilikdə 2 düşərgə həyata keçirildi. “Gənclər Davamlı İnkişaf üçün” layihəsində gənclərə “Dayanıqlı İnkişaf Məqsədləri və onun tədbiq sahələri”, “Qeyri-formal təhsil və onun prinsipləri”, “Layihələrin yazılması prosesində ideyanın formalaşdırılması”, “Gənclərlə işdə rol modeli” və digər mövzular olmaqla ümumilikdə 14 istiqamətdə təlim sessiyası keçirilib. Düşərgə müddətində həmçinin müxtəlif komanda oyunları və qrup işləri baş tutub ki, burada da iştirakçılar öz bilik və bacarıqlarını qeyri-formal təhsil metodları vasitəsilə təkmilləşdiriblər.

“Gənclərin Media Savadlılığının Artırılması” düşərgəsində isə “Rəqəmsal Marketinq”, “Komanda quruculuğu”, “Mediada süni intellekt”, “Karyera yolunda rəqəmsal toxunuşlar”, eləcə də müxtəlif mövzularda təlim sessiyaları keçirilib. Düşərgə müddətində tanınmış media mütəxəssisləri ilə də görüşlər baş tutub. Görüşlər müddətində televiziyada xəbərçilik prosesi, düzgün nitq və kommunikasiya bacarıqları, media mühitində etik davranış kodeksi və digər mövzularda müzakirələr təşkil olunub, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Daha bir düşərgə isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə həyata keçirilən “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramı çərçivəsində baş tutub. Düşərgədə iştirak etmiş təşəbbüs qrupları proqramın növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə qrupları öz təhsil aldıqları ali təhsil müəssisələrində Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif ideyaların reallaşdırılması istiqamətində çalışacaqlar.

“BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.

Qeyd edək ki, proqram çərçivəsində müxtəlif təhsil müəssisələrində təqdimatlar davam edir. Təqdimatlar indiyədək 10-a yaxın ali təhsil müəssisəsində 1000-dən çox gəncin iştirakı ilə keçirilib. Qarşıdakı fəaliyyət müddətində təqdimatların daha bir neçə ali təhsil müəssisələrində də keçirilməsi, eləcə də, müxtəlif mədəni və kütləvi tədbirlərin icrası nəzərdə tutulur. İndiyədək keçirilmiş tədbirlərdən biri də “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Nəsil Ağacı” sənədli filminin gənclər üçün nümayişi olub.

“İRƏLİ” İctimai Birliyinin “Heydər Əliyev İli” çərçivəsində icra etdiyi genişmiqyaslı layihələrindən biri də “MədəniyyətimİZ”dir. Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin ölkə mədəniyyətinə göstərdiyi diqqət və qayğı haqqında gənclərin məlumatlılığının artırılması və bu istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. İndiyədək layihə çərçivəsində 9 mədəniyyət müəssisəsində 14 tədbir keçirilib ki, bu tədbirlərdə 19 mədəniyyət xadimi qonaq qismində iştirak edib. Layihənin maraqlı tərəflərindən biri də görüşlərin musiqili hissəsidir. İndiyədək görüşlər zamanı 55 mədəniyyət xadimi görüşün bədii hisəsində qonaq qismində iştirak edib ki, bu da tədbirlərə xüsusi rəng qatıb. Ümumilikdə qeyd edə bilərik ki, Azərbaycan ziyalıları ilə gənclərin “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən görüşləri olduqca unikal və mədəni proseslərdə müxtəlif vəzifələrin icrasına şərait yaradacaq amilə çevrilib.

“İRƏLİ”də bütün bu fəaliyyətlərlə yanaşı ofisdaxili fəaliyyətlər də təşkil olunub ki, burada da əsas məqsəd gənclərimizin iş prosesləri ilə yaxından tanışlığı, habelə, onların bilik və bacarıqlarının artırılmasıdır. Təşkilat tərəfindən cari il ərzində yay və qış aylarını əhatə edən 2 təcrübə proqramı həyata keçirilib ki, bu təcrübə proqramlarına ümumilikdə 417 gəncin müraciəti qeydə alınıb. Qeydə alınmış müraciətlər arasından 50 nəfər gəncin iştirakı məqbul hesab edilib. İştirakçı gənclər təşkilatın üzvlərlə iş, media, beynəlxalq əlaqələr, layihələrin yazılması və idarə olunması istiqamətlərində yeni bilik və bacarıqlar əldə ediblər.

2023-cü ildə təşkilata 846 yeni üzv qəbul edilib, 37 üzvlərlə görüş, 54 təlim, 38 tədbir, 18 ekskursiya təşkil olunub. Bu tədbirlər zamanı ümumilikdə 5309 gənc iştirak edib. Ofisdaxili fəaliyyətlər çərçivəsində həmçinin intellektual yarışlar da baş tutub. Bu istiqamətdə 16 turnir reallaşıb ki, turnirlərdə ümumilikdə 900-dən çox gənc iştirak edib.

“İRƏLİ” İctimai Birliyi gənclərin fərdi təşəbbüslərinin reallaşması istiqamətində də addımlar atıb. Ötən il Azərbaycan Gənclər Fondu tərəfindən elan edilən “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi layihələr qrant müsabiqəsi üzrə qalib olmuş gənclərimizin layihələrinin icrasında dəstək göstərib. İndiyədək “Ağıllı Qarabağı tanıyaq”, “Gənclərin İT Bacarıqlarının Artırılması”, “Qarabağı Öyrənək”, “Bu günün debatçısı, sabahın natiqi”, “TedXBDU”, “Sosiallıq Dairəsi”, “Vətən üçün Oxu”, “Tarix üçün Danışırıq” layihələri ümumilikdə 800-dən çox gənci əhatə edib.

Təşkilat olaraq il ərzində 68 tədbirdə 485 iştirakçı ilə təmsil olunmuşuq. Bu tədbirlər ölkədaxili həyata keçirilən yürüşlər, mükafatlandırma mərasimləri, onlayn və oflayn formatda infosessiyalar olub. Baş tutmuş sosial kampaniyalar sırasına isə “Xocalıya Ədalət”, “Qanlı Yanvar”, “Heydər Əliyev İli” və “Əsgərin Kitab Rəfi” aksiyalarını qeyd edə bilərik.

Bununla yanaşı, “İRƏLİ” İctimai Birliyi həm də beynəlxalq tədbirlərdə də yaxından iştirak edib. İndiyədək təşkilatımız 7 ölkədə baş tutmuş 12 layihə və tədbirdə ümumilikdə 17 nümayəndə ilə təmsil olunub. Bu ilin fevral ayında “EN Expo Baku 2023” təhsil sərgisində Türkiyənin 10-dan çox nüfuzlu ali təhsil müəssisəsinin iştirak edib ki, tədbirə ümumi ziyarət sayı 600 nəfərdən yuxarı olub.

Bütün qeyd olunanları ümumiləşdirsək, həyata keçirilən fəaliyyətlərdə 26155 gəncin iştirakı təmin olunub, 154 tərəfdaş qurumla birgə əməkdaşlıq çərçivəsində 372 tədbir, 4 düşərgə həyata keçirilib.

Həyata keçirilən layihə və tədbirlərin işıqlandırılmasında media olduqca böyük rol oynayır. Bu prioriteti nəzərə alaraq, görülən işlər nəticəsində “İRƏLİ” İctimai Birliyinin media ilə əlaqələrində də ötən ilə nisbətən müsbət irəliləyişlər əldə olunub. Belə ki, cari il ərzində 119 mövzuda 1212 xəbər ölkə mətbuatında işıqlandırılıb, TV və radiolarda ümumilikdə 50 çıxış qeydə alınıb. Təşkilat əməkdaşlarının müxtəlif mövzularda sorğularda iştirak, münasibət və açıqlamaları ümumilikdə 52 dəfə yayımlanıb. Baş tutmuş fəaliyyətlərə ümumi baxış sayı isə 650 mindən yuxarı olub.

Statistikaya nəzər salsaq, “İRƏLİ” İctimai Birliyinin cari il ərzində sosial şəbəkələrdə olduqca aktiv fəaliyyət göstərdiyini qeyd edə bilərik. Belə ki, 2023-cü ildə təşkilatın müxtəlif sosial media platformaları üzrə ümumi əhatə sayı 1 milyon 300 mindən yuxarı olub. Həmçinin, “İRƏLİ” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “İRƏLİ” Media Mərkəzi tərəfindən keçirilmiş layihə, tədbir və görüşlərin foto-video kontenti formalaşdırılıb, əlamətdar günlər və gənclərlə bağlı əhəmiyyətli məsələlər barədə multimedia kontentləri hazırlanaraq geniş ictimaiyyətə çatdırılıb. Bu il Media Mərkəzi tərəfindən 17 video hazırlanıb ki, bu kontentlərə gələn ümumi baxış sayı 50 minə yaxın olub.

Bir neçə gündən sonra 2024-cü ilə qədəm qoyacağıq. Qarşıdakı müddət ərzində “İRƏLİ” İctimai Birliyi gənclərimiz üçün olduqca maraqlı və faydalı fəaliyyətlər gerçəkləşdirəcək. Gənclərimizi təşkilatın fəaliyyətlərində aktiv iştirak etməyə və proseslərdə fəal olmağa dəvət edirik. Şüarımız dəyişməzdir: “Vətən üçün, gənclik üçün, gələcək üçün İRƏLİ, İRƏLİ, İRƏLİ!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı