Bu gün Azərbaycanda növbədənkənar Prezident seçkilərində səsvermə başlayıb.
Metbuat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini deyib.
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.
Qeyd edək ki, bu il yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb. Hazırda seçkilərdə 7 namizəd mübarizə aparır.
Hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçici var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verirlər. Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.