“Dünya bilsin ki, Azərbaycanı dəstəkləyən qardaş ölkə Türkiyə var” - Hulusi Kılıç

“30 il ərzində Azərbaycanın işğalda olan torpaqlarının qaytarılması istiqamətində heç bir faydası olmayan Avropa hazırda Azərbaycanın uğurlarına paxıllıq nümayiş etdirərək regionda yeni reallıqla barışmaqda çətinlik çəkir”.

Bu sözləri Metbuat.az-a müsahibəsində Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onunla olan müsahibəni təqdim edirik:

- Hulusi bəy, bildiyiniz kimi Prezident İlham Əliyev Euronews” kanalına sahibəsi zamanı olduqca m qamlara toxundu. Xüsusilə də Ermənistanın öhdəsinə düşdüyü məsuliyyətlərdən boyun qaçıracağı təqdirdə lazımı addımlar atıla biləcəyini vurğuladı. Regionda dayanıqlı sülhün təmin olunması Ermənistanı nə üçün narahat edir? Yoxsa bu, digər güclərin marağında deyil?

Türkiyə olaraq Ermənistanın üzərində düşdüyü məhsuliyyətlərdən boyun qaçırdığını biz də yaxşı görürük. Azərbaycanımız hər zaman sülh masası ətrafında birləşməyə hazır olduğunu dəfələrlə dilə gətirsə də, Ermənistan müxtəlif bəhanələrlə prosesdən yayınır. 2023-cü ildə imzalanması gözlənilən sülh müqaviləsi Avropada bəzi dövlətlərin tərəflər arasında münasibətləri bulandırmaq cəhdlərinə görə yubandı. İrəvan bilməlidir ki, Azərbaycanın sülh müqaviləsinin imzalanmasına ehtiyacı yoxdur. Çünki Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etmişdir.

Ermənistan ağlını başına yığıb, münasibətlərin normallaşmasına çalışmalıdır. Bu sayədə Türkiyə ilə Ermənistan arasında əlaqələr düzələcəkdir. Hazırda anklavlar məsələsi də müzakirə predmetidir. Mütləq anklavların Azərbaycana qaytarılması lazımır. Ermənistan anlamalıdır ki, Avropanın təzyiqi ilə atdığı addımlar həm daxili, həm xarici siyasətinə zərər verəcək.


- Sizin də qeyd etdiyiniz kimi, Ermənistana himayədarlıq edən Fransa, Almaniya, və Avropa Birliyi son zamanlar Azərbaycanı enerji müqavilələrinin ləğv edilməsi ilə qorxutmağa çalışırlar. Hulusi bəy, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olan dovlətlərdən birincisidir. Qərb nə üçün suları bulandırmağa, iqtisad və siyasi münasibətləri pozmağa cəhd edir?

Nə Fransa, nə Almaniya, nə də Avropa İttifaqının Azərbaycanı Avropa Birliyinə üzv olmaq prinsipləri ilə qaz müqaviləsini ləğv etməyə gücü çatmaz. Bu qaz müqaviləsi tərəflərin üzərinə müəyyən öhdəliklər qoyur. Azərbaycan altı Avropa İttifaqı ölkəsinin enerji ehtiyacını ödəyir. İki il əvvəl Avropa Birliyi Komissiyası sədri xanım Fon der Lyayen Azərbaycana gələrək daha çox qaz ixracı barədə danışıqlar aparıb.

O, həmçinin Türkiyə ilə Aİ arasında əlaqələrin inkişafında Azəbaycandan kömək istəyib. Xüsusilə Fransanın Azərbaycana qarşı ikrah siyasəti ciddiyyə alınmayacaq qədər əhəmiyyətsizdir. Azərbaycan 30 il işğal altında olan torpaqlarını öz gücü, siyasi iradəsi, xarici və daxili siyasəti ilə geri qaytardı. Birləşmiş Millətlər Təşkilatının dörd bəyannaməsinə əsasən bir qarış torpağı belə işğaldan azad etməyə səy göstərməyən Avropa hazırda sözün əsl mənasında Azərbaycanı qısqanır.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra rəsmi Bakı ilə tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözlədiklərini bildirib. Prezident seçkilərindən sonra İlham Əliyevi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təbrik edərək xoş arzularını çatdırıb.

Ümumiyyətlə, siyasi oyunlara bir o qədər də ciddi yanaşmağa ehtiyac yoxdur. Azərbaycanımızın yolu açıqdır. Onun güclü ordusu, güclü iqtisadiyyatı, güclü lideri var. Heç kəs unutmasın ki, Azərbaycanı hər şəraitdə dəstəkləyən qardaş ölkə Türkiyə hər zaman onun yanındadır.


- Prezident İlham Əliyevin seçkidən sonra Türkiyəyə ilk səfərini necə qiymətləndirirsiniz?

Cənab Prezidentin Türkiyə səfəri ənənə halını alan səfərlərdən biridir. Onun bu səfəri bölgə ölkələrinə və dünyaya önəmli mesajlar verdi. Prezident İlham Əliyev vurğulayıb ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində qeyd edib ki, Ermənistanla davamlı sülhün imzalanması üçün Azərbaycanla birlikdə hərəkət edirlər:

Bu ilin yayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının zirvə toplantısının keçirilməsi qərarının verilməsi də beynəlxalq aləmə çox ciddi mesajdır. Artıq türk dövlətlərinin rəhbərləri gələcək fəaliyyətlə bağlı müzakirələri və qərarları məhz Şuşada həyata keçirmiş olacaqlar. Bu, çox böyük bir anlam daşıyır. Bu, həm də bir sıra dövlətlərə və qüvvələrə xəbərdarlıq xarakterli mesaj olacaq.

Hesab edirəm ki, Ankara səfərində verilən bəyanatlar Türkiyə və Azərbaycanın məhz Türk Dövlətləri Təşkilatının güclənməsi və dünya siyasətində söz sahibinə çevrilməsi istiqamətində görəcəyi işlərin xəbərdarlığı idi. Prezident İlham Əliyevin Türkiyə səfəri iki ölkə arasında əməkdaşlığın yeni hədəflərini müəyyən edilməklə yanaşı, bu istiqamətdə yeni layihələrin başlanğıcı da sayıla bilər. Bütövlükdə bu səfər yüksək qiymətləndirilir.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı