“Azərbaycan qadını hər zaman adını uca tutub” - Jalə Əliyeva

“Azərbaycan qadını təkcə gözəl ana, sədaqətli həyat yoldaşı, vəfalı övlad deyil, eyni zamanda layiqli Azərbaycan vətəndaşı və ölkəmizin gələcəyi üçün qəhrəman oğullar böyüdən anadır”.

Bu sözləri Metbuat.az-a millət vəkili Jalə Əliyeva deyib.

Onunla olan müsahibəni təqdim edirik:

Hörmətli Jalə xanım, Azərbaycan qadınının keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?

Bilirsiniz, biz Azərbaycan qadınının keçdiyi böyük tarixi, ləyaqətli yol, əldə etdiyi nailiyyətlər haqqında baş ucalığı ilə danışırıq. Azərbaycan qadını hələ ötən əsrdə Şərqdə ilk dəfə seçmək, seçilmək hüququ verilən bir qadındır. Həmin tarixdən başlayaraq Azərbaycan qadını özünü cəmiyyətdə təsdiq etmək üçün bütün sferalarda ləyaqətlə çalışıb.

Azərbaycanın hərb, ədəbiyyat, mədəniyyət, həm də incəsənət tarixində silinməz izlər buraxan çox dəyərli xanımlarımız olub. Bu xanımların bir çoxu öz kişiləri, ataları ilə bərabər, hətta döyüş meydanına belə çıxmaqdan çəkinməyiblər. Bu gün isə biz XX əsrdə Azərbaycan qadınının simvoluna çevrilmiş cənab Prezident İlham Əliyevin anası, Ulu Öndərin vəfalı ömür gün yoldaşı Zərifə xanım Əliyevanı böyük ehtiramla anırıq.

Müasir Azərbaycan qadını deyəndə necə bir obraza malik xanım düşünülür?


Bütün dünyada müasir Azərbaycan qadını deyəndə Mehriban xanım Əliyevanın timsalında tanıdığı bir qadın obrazı yada düşür. Birinci xanımımız kimliyindən, milliyyətindən asılı olmayaraq köməyə gəlməyə hazır olan, humanist ideyalarını bütün dünyaya nümayiş etdirən, eyni zamanda həm daxili gözəlliyinin, həm də xarici gözəlliyinin vəhdətini özündə ehtiva edən, daşıyan bir qadın obrazıdır.

Bu gün xüsusilə Azərbaycanda uğur qazanmış qadınlar haqqında mütləq danışmalıyıq. Hazırda ölkədə Birinci vitse-prezidenti, ölkənin parlamentinin sədri qadındır. Azərbaycanda komitə sədrləri, onların müavinləri, nazir statusunda, icraedici strukturlarda, icra hakimiyyətlərində xanımlarımız çalışırlar.

Bizim general xanımımız var. Ölkənin Ombudsmanı vəzifəsində qadın çalışır. Çox sayda hakimimiz, hüquq mühafizə orqanlarında işləyən qadınlar var. Müəllim və həkim ordusu, qadınlar haqqında da xüsusi danışmalıyıq. Onlar Azərbaycan cəmiyyətinin çox böyük bir hissəsini təşkil edirlər. Eyni zamanda, öz zəhməti ilə milyonlara rahatlıq, istilik gətirən qadınlarımız var. Onların da əməyi dəyərləndirilməlidir. Dövlətimiz bu sahədə mütərəqqi adımlar atır.

Jalə xanım, elə bir qadın titulu var ki, onu daşımaq da cəsarət, güc, hünər tələb edir. Bu şəhid analarımıza verilən o addır. Dövlətimizin onlara göstərdiyi xüsusi qayğını necə qiymətləndirirsiniz?


Bəli, Azərbaycan qadınının bütün titullarının içərisində əhəmiyyətli bir titul var ki, bu da şəhid anası adıdır. Düşünürəm ki, bütün titullardan bütün adlardan daha böyük bir addır. Bu gün şəhid analarımızın başı dikdir. Suveren Azərbaycanımızın gələcəyi uğrunda canlarından keçən şəhidlərimizin analarının bu gün göz yaşlarını sevinc, qürur göz yaşları əvəz edir. Bunu bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə can sağlığı arzulayırıq. Eyni zamanda, bütün qadınlarımız ordumuza, 30 il ərzində işğal altında qalan torpaqlarımıza yenidən qovuşduran xilaskar Prezidentimiz, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə minnətdardırlar.

Azərbaycan qadını tarixinin bütün mərhələlərində silinməz izlər buraxıb. Hər bir zaman ləyaqətli yerdə dayanıb və bundan sonra da ölkəsinin gələcəyində, quruculuq işlərində, yeni nəslin yetişməsində, öz əhəmiyyətli əməyini davam etdirəcəkdir.

Beynəlxalq qadınlar günü münasibətilə başda ölkənin birinci xanımı Mehriban Əliyeva olmaqla bütün xanımlarımızı təbrik edir, onlara can sağlığı, uzun ömür, ailə səadəti, qadın xoşbəxtliyi və sülh arzulayıram. Əziz qadınlar, bayramınız mübarək olsun!

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR