COP29-un Bakıda keçirilməsi ölkəmizin nüfuzunu daha da artıracaq - ŞƏRH

Hər il bir ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. Artıq Azərbaycan 29-cu Tərəflər Konfransı (COP29) ilə bağlı hazırlıq işlərinə başlayıb.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

Politoloq Yeganə Hacıyeva Metbuat.az-a açıqlamasında Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirlər çərçivəsində görülən işləri yüksək qiymətləndirərək deyib ki, COP29-un siyasi əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır:

“Xankəndində baş verənlərdən bir həftə sonra məhz COP29-un yekdilliklə ev sahibliyinin Azərbaycana verilməsinin əsası var. Biz 44 günlük müharibədən sonra üç il ərzində Qarabağda öz emosiyalarımız, sevgimiz ilə yanmış torpağa can vermişik. Bu bərpa təcrübəsini dünya ilə də bölüşmək istəyirik”.

COP29-un çox mühüm və əhəmiyyətli tədbir olduğunu vurğulayan politoloq İlyas Hüseynov qeyd edib ki, BMT-nin dəstəyi ilə keçirilən bu tədbirin siyasi anlamı ilə yanaşı, Azərbaycanın ekologiya sahəsinə verdiyi diqqət də hər kəsi maraqlandırır:

“Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən tədbir çox yaxşı nəticələrlə yadda qaldı. Ümid edirik ki, bu ilin payızında ölkəmizdə keçiriləcək tədbir də yadda qalan olacaq. Qeyd edim ki, 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Ümid edirəm ki, payızda keçiriləcək COP29 tədbiri ölkəmizin nüfuzunun, imicinin və beynəlxalq reytinqdə daha da yüksəlməsinə xidmət edəcəkdir”.



İlyas Hüseynov xatırladıb ki, dünyanın mütərəqqi və qabaqcıl dövlətləri də bu istiqamətdə Azərbaycanla işbirliyinə can atırlar. Politoloq onu da vurğulayıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi də daxil olmaqla yüksəkvəzifəli şəxsləri ilə görüşündə də Amerika tərəfindən Azərbaycana COP29 müstəvisində hərtərəfli və lazımi dəstəyin verilməsinə dair fikirlər bildirilib:

“Azərbaycan alternativ və bərpa olunan enerjiyə böyük diqqət ayırır. Azərbaycanda artıq bu istiqamətdə Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri investisiya yatırıb. Ölkəmiz külək günəş enerjisi sahəsində inkişafa böyük diqqət yetirir. Bu məqamda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya vasitəsilə Yaşıl enerji dəhlizi layihəsinə diqqət yetirmək istərdim. Bu olduqca mühüm perspektivləri olan layihədir. Ümid edirəm ki, COP29 həm bu layihənin daha da sürətlənməsinə, həm də işlək vəziyyətə gətirilməsinə xidmət edəcək”.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı