Bakıda parkinq qiymətləri niyə yüksəkdir? - EKSPERT RƏYİ

Bakının mərkəzində yeni parkinq qiymətləri insanlar arasında birmənalı qarşılanmayıb. Qiymətlər əksər insanların narazılığına səbəb olub.

Metbuat.az mövzu ilə bağlı mütəxəssislərin rəyini öyrənib. Nəqliyyat eksperti Rövşən Həsənov məsələ ilə bağlı danışarkən bildirib ki, qiymətlərin belə olması şəhərin mərkəzində sıxlıq və tıxacın qarşısını almaq məqsədi daşıyır:

"Tarif bir gün ərzində 30 manata qədər qalxır. Bu o deməkdir ki, ərazidə yaşamayan, maşını qoyub harasa getmək istəyən adamlar qətiyyən həmin ərazidə nəqliyyat vasitəsi saxlamayacaq. Eyni zamanda hava limanında da tətbiq olunan tariflər çox yüksəkdir. Bu əslində dəstəklənməlidir. Çünki, 3-5 günlük hansısa ölkəyə getmək istəyən adamlar nəqliyyat vasitəsini saxlayıb rahat gedirdi. Bu da sıxlığa səbəb olurdu. Amma indi qismən də olsa, bu kimi halların qarşısını almaq nəzərdə tutulub".

Digər nəqliyyat eksperti İlqar Hüseynli isə hesab edir ki, şəhərdə parkinq qiymətləri həddindən artıq bahadır və bunun heç bir əsası yoxdur:

"Hər nazirlik, qurum parkinq yaradıb. Çox böyük məbləğli qiymətlər qoyub. Tələb etmək lazımdır ki, Tarif Şurası tərəfindən tənzimlənilən qiymətlər tətbiq olunsun. Baxmayaraq ki, o da çox bahadır. Amma bu qoyulan qiymətlər ilə müqayisədə nisbətən ucuzdur. 12 saatlıq parkinqə görə 80 manat ödənilməlidir. Bunlar fantastik qiymətlərdir. Heç Aropa ölkələrində belə qiymətlər yoxdur.

Ümumiyyətlə ölkə ictimaiyyəti başa düşə bilmir ki, burada məqsəd nədir, nə etmək istəyirlər. Şəhərdə olan sıxlığı aradan qaldırmaq naminə atılmış bir addım olsa, bunu başa düşmək olar. Amma bunun başqa heç bir iqtisadi əsaslandırması yoxdur. Qiymətlər son dərəcə bahadır".

Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. Parklanma qiymətləri belədir: 15-30 dəqiqə - bir manat, 30-60 dəqiqə - iki manat, 1-2 saat - dörd manat, 2-3 saat - altı manat, 3-5 saat – 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat. Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Eyni zamanda, Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Gündəlik tariflər aprelin 1-dən bu cür olacaq: 0-2 saat - 1 manat; 2-4 saat - 2 manat; 4-6 saat - 3 manat; 6-10 saat - 4 manat; 10-12 saat - 5 manat; 12-24 saat - 8 manat.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı