Yaz depressiyasını yaradan səbəblər və çıxış yolları açıqlandı

Günəşli yaz havası heç də hamıya yaxşı təsir etmir və bayırda xoş hava olduğu halda yuxudan oyanmaq, yataqdan qalxmaq istəməyənlər də olur. Psixoloqların “yaz depressiyası” adlandırdıqları həmin hal yorğunluq, halsızlıq, diqqətin azalması, həvəssizlik, yuxu rejiminin pozulması, baş və əzələ ağrıları, ürək bulanma kimi əlamətlərlə müşahidə olunur. Dişlərini fırçalamaqdan tutmuş öz yerini yığmağa qədər hər şeyə qarşı həvəssizlik yaranır. Mütəxəssislərin dediyinə görə, mövsüm dəyişiklikləri ilə bağlı olan depressiya, xüsusilə 18-30 yaş arası olanlarda müşahidə edilir. Nisbətən yuxarı yaşlarda, məsələn, 50-55 yaşında olanlarda isə daha çox fizioloji problemlər hiss olunur.

Metbuat.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “Genetik faktorlar, yaş və orqanizmin quruluşu depressiv vəziyyətlərə səbəb olur. Qışdan yenicə çıxan insanların birdən-birə az yatması, qış rejiminə öyrəşdiyi halda yaz rejiminə keçməsi onun əhvalına təsir edir, bədənin Günəş işığı almaması, orqanizmin kifayət qədər vitaminlə təmin olunmaması müəyyən narahatlıq yaradır. Havaların isinməsi, günlərin uzanması, günəşin daha çox görünməsi insan bədənindəki bioritmlər və hormonal balanslar kəskin dəyişir. Yazda qan durulur, təzyiqin artması və bunun nəticəsində orqanizmdə oyanma baş verir, həmin dəyişikliklər isə sinir pozuntularına və əsəbiliyə səbəb olur. Bu, həssas və depressiyaya meyilli olanlarda daha çox özünü göstərir”.

Sosial münasibəti güclü olanlar həmin vəziyyətdən nadir hallarda əziyyət çəkirlər. Özünə qapanan, təkliyi sevən, sosial cəhətdən zəif olanlar mövsümü depressiyaya daha çox meyilli olurlar. Mütəxəssislərin qənaətinə görə, həmin hal qadınlarda kişilərə nisbətən dörd dəfə çox müşahidə olunur.

Psixoloq həmin halın aradan qaldırlması üçün bir neçə məsləhət də verib: “Fəsil dəyişikliyinə daha rahat uyğunlaşmaq üçün ilk növbədə yuxudan erkən durmaq, idmanla məşğul olmaq, açıq havada gəzmək, ətrafdakılarla, tanışlarla daha çox ünsiyyət qurmaq lazımdır. Günəşli havada olmaq, çiçəklərin ətrini hiss etmək ən yaxşı terapiya sayılır. Yuxu saatlarının da qaydaya salınması çox mühüm məsələdir. Əlvan rəngli geyimlərdən çox istifadə etmək də çox faydalıdır”.

Bütün bunlarla yanaşı vaxtında qidalanmaq, yüngül yeməklərə üstünlük vermək, alkoqol tərkibi olmayan içkilərin çox qəbul edilməsi məsləhət görülür.

Yaz depressiyası bəzən bir neçə gün, bəzən isə iki həftəyə qədər davam edə bilir. Əgər iki həftədən artıq depressiv vəziyyət davam edərsə və bu, insanın iş və sosial həyatına mane olarsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı