Marketdən farş alarkən diqqətli olun - Tərkibinə bunu qatırlar

Bir çox böyük marketlərdə farş, ətin özündən daha ucuz satılır. Baxmayaraq ki, ət sümükdən ayrıldıqda və çəkildikdə daha yüksək qiymətə satılmalıdır. Bəs bu məhsulların ucuz olmasına səbəb nədir?

Mövzu ilə bağlı Metbuat.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, farşın hazırlanmasında heyvan beynindən, ənənəvi yeyilməyən yerlərindən istifadə olunur:

"Bəzən ona əlavə olaraq soya unu və digər maddələr qatılır. Ona görə də bu məhsul ucuz başa gəlir. İstisna deyil ki, bəzən hətta ölü heyvan ətlərini də ora daxil edə bilərlər. İstehlakçılar onu qətiyyən ayırd edə bilməzlər".

Eyyub Hüseyov qeyd edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilmir:

"Həmin qərara əsasən, əmtəə bazarında satılan bütün mallar, o cümlədən farşlar bükülməlidir. Üzərində buraxılma tarixi olmalıdır. Hazırlayan firmanın adı və telefonu göstərilməlidir. Ona görə də, farşlarla bağlı daim şübhələr mövcuddur. Hətta insanlar təmiz ət alıb, çəkdirmək istəyəndə də onları aldadırlar. Öncədən maşının içərisinə arzuolunmaz əti yerləşdirirlər. Belə hallarda istehlakçılara məsləhət görürəm ki, maşını bir az işlətməyə məcbur etsinlər. Maşının içindəki ət çıxsın, sonra öz ətlərini ora daxil etsinlər. İstehlakçılar bunu ayırd edə bilməz nə ətidir. Onu yalnız ekspertizalar müəyyən edə bilər".

Qida üzrə ekspert Ağa Salamov da məsələyə münasibət bildirib. Ekspertin sözlərinə görə, dana və başqa heyvanın emalı zamanı onun çıxıntıları qalır və bu heç nəyə yaramayan yerləri farş edirlər:

"Tikə ət olaraq sata bilmirlər, farş halına salıb satırlar. Bu da onun çıxıntılarından olduğuna görə, ucuz başa gəlir. Başqa ölkələrdə heyvan kəsikdikdən sonra onun başqa hissələrinə müxtəlif adlar qoyurlar və baha qiymətə satırlar. Çünki o hissələr "steak"də işlənə bilər. Həmin bu çıxıntıları da o ad ilə sata bilmədiyinə görə, farş edib satırlar.

Ən yaxşı metod əti alıb, evdə qiymə halına salmaqdır. Əgər supermarketlərdən alırsınızsa, bunlara diqqət etməlisiniz. Çünki, heç kim bütöv budu sizə farş edib verməyəcək. Bu absurddur. Çünki həmin əti tikə halında sata bilirlər".

İşbazların digər saxtakarlığını da vurğulayan ekspert bildirib ki, bir çox hallarda ətə rəng qatırlar:

"Toyuğun ətini dananın ətinə qatır, toyuğun dərisini farşa vururlar. Bir neçə dəfə ətçəkən maşından keçirdir, ondan sonra rəng qatıb qarışdırırlar. Amma bunu yoxlamaq olar. Əti evə gətirəndə bir az üzərinə su tökdükdə rəngini buraxır. Amma normal ət olanda müəyyən qədər qan olur və o suya çıxır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı