Qərb Gürcüstanı əldən vermək istəmir - "Yeni gərginlik ocağı yarana bilər"

Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etirazlar davam edir.

Son məlumatlara görə, ölkənin Daxili İşlər Nazirliyi etirazçılara müraciət edərək, qanunla müəyyən edilmiş sərhədləri aşmamağa, polisin qanuni tələblərinə riayət etməyə çağırıb.

Bu arada ABŞ Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsindən dərin narahatlıq duyur. Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi brifinqdə deyib ki, Gürcüstanda canlı vətəndaş cəmiyyətinin söz azadlığı boğulur.

Hadisələr barədə Metbuat.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov deyib ki, bu gün baş verən hadisələr Qərb-Rusiya qarşıdurması kontekstində dəyərləndirilə bilər:

“Xarici təsir haqqında" Qanunun qəbul edilməsi o deməkdir ki, ölkəyə bu və ya digər formada pul və maliyyə vəsaitlərinin daxil olması hökumətin nəzarəti altında həyata keçiriləcək.

Yəni, Qərbin Gürcüstan üzərində agentura şəbəkəsi birbaşa hökumətin nəzarətinə keçir. Düşünürəm ki, Gürcüstan hökumətinin belə sərt tədbir görməsi, Qərb-Gürcüstan qarşıdurmasını artıra bilər. Hətta proseslər daha sərt ritorika ilə həyata keçirilə bilər. Qənaətimə görə, Qərb Gürcüstanı əldən verməmək üçün hadisələri bir az daha da qızışdıra bilər”.

Politoloq hesab edir ki, Gürcüstana Qərbin təzyiq mexanizmlərinin həm cəmiyyətə, həm də hökumətə necə təsir edəcəyini zaman göstərəcək:

“Burada iki variant qalır: Qarşıda ya Gürcüstan hökuməti etirazçılara təslim olub qanun layihəsini geri çəkməli, ya da etirazları dayandıraraq qəbul etdiyi qanunun qüvvəyə minməsi və icrasını həyata keçirməlidir. Hər iki halda Gürcüstan bu vəziyyətin təsirlərini hiss edəcək. Qeyd edim ki, Gürcüstanda təkcə xalqla mövcud hökumət arasında deyil, prezidentlə hökumət arasında da gərginlik var. Hətta Gürcüstanın baş naziri Gürcüstan prezidentini agent, ölkəni satan şəxs adlandırıb. Bu da kifayət qədər ciddi bir ittihamdır. Düşünürəm ki, bu hadisələr Avropanın nəzarətində olan prezidentlə, Rusiya nəzarətində olan hökumət arasında yeni bir gərginlik mənbəyi kimi də dəyərləndirilə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR