Prezident ATƏT-in nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Metbuat.az xəbər verir ki, İan Borq Azərbaycan Prezidenti ilə bu il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşü və müzakirələri məmnunluqla xatırlayaraq səfərinin regional xarakter daşıdığını deyib.

O, Maltanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsi üzrə danışıqlar prosesini dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Dövlətimizin başçısı bildirdi ki, hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd etdi ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

Görüşdə ATƏT çərçivəsində nəqliyyat bağlantıları məsələlərinə dair fikir mübadiləsi aparılıb.

İan Borq ölkəsinin kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər konsepsiyasını yaxından dəstəklədiyini və bu ölkələrin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına daim dəstək verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın COP29-a sədrlik etdiyini nəzərə alaraq bu mövzuda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin COP29-a sədrliyi çərçivəsində kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər mövzusu Azərbaycanın prioritetlərdən biri olacaq. Bu xüsusda Azərbaycan Prezidenti Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendin ölkəmizə səfərini qeyd edərək, bu təşkilat çərçivəsində olan kiçik ada dövlətləri və bu kateqoriyadan olan digər ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi, onların üzləşdiyi ekzistensial problemlərlə bağlı məsələnin COP çərçivəsində qaldırılması və müxtəlif tədbirlərin keçirilməsinə toxunub. Bu xüsusda Azərbaycanın da Malta ilə əməkdaşlıqda maraqlı olduğu ifadə edilib.

10:18

Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR