TƏBİB və “Sana” klinikası arasında Anlaşma Memorandumu imzalandı

TƏBİB və Almaniyanın nüfuzlu “Sana” klinikası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Metbuat.az xəbər verir ki, memorandumu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və “Falk Beratung” şirkətinin baş icraçı direktoru Tomas Falk imzalayıblar.

Memorandumun imzalanması mərasimində TƏBİB-in İcraçı direktorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, TƏBİB-in struktur bölmə rəhbərləri, Yeni Klinikanın direktoru Barat Yusubov, “Sana” klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, “Falk Beratung” şirkətinin ictimaiyyətlə əlaqələr ofisinin rəhbəri Tobias Luk, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndəsi Hayko Şvartz və digərləri iştirak ediblər.

Memoranduma əsasən “Sana” klinikası tərəfindən Yeni Klinikada xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqlar/tədqiqatlar, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramları, ISO 9001 və/və ya JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, müəssisədə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi və “Sana” brendindən istifadə hüququ nəzərdə tutulub.

Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işlərinin həyata keçirilməsi planlaşdırılıb.

TƏBİB-in inzibati binasında keçirilən görüşdə İcraçı direktor Vüqar Qurbanov son illər ölkəmizdə digər sahələr kimi səhiyyə sahəsində aparılan islahatlar, həyata keçirilən yeniliklər və əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təmin edildiyini, icbari tibbi sığortanın tətbiqi ilə xidmət keyfiyyətinin, tibb müəssisələrin maddi-texniki bazasının, kadr potensialının qabaqcıl standartlara uyğun şəkildə yüksəldiyini qeyd edib. V.Qurbanov bildirib ki, bütün bunların nəticəsidir ki, bir çox inkişaf etmiş ölkələr səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa maraqlıdır.

“Bu marağın təzahürü kimi Almaniyanın nüfuzlu və böyük medikal qrupu olan “Sana” klinikasını misal göstərmək olar. Bu, həm də Azərbaycan-Almaniya arasında beynəlxalq, iqtisadi və dostluq əlaqələrinin yüksək səviyyəsinə dəlalət edir. Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsi qlobal müstəvidə xarici özəl tibb müəssisəsi ilə pasiyent məmnunluğu, xidmət keyfiyyətinin artırılması, xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqlar/tədqiqatlar, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramları üzrə əməkdaşlığa başlayır”.

“Falk Beratung” şirkətinin baş icraçı direktoru Tomas Falk bildirib ki, bu əməkdaşlıq “Sana” klinika ilə yanaşı, Almaniya üçün də bir yenilikdir.

“Əminəm ki, bu əməkdaşlıq ölkələrimiz arasındakı digər əməkdaşlıqlara da töhfə verəcək. Biz konstruktiv və səmimi əməkdaşlığa hazırıq”.

Əməkdaşlıq çərçivəsində “Sana” klinikasının loqosunun Yeni Klinikada müştərək istifadə olunması təklif edilib. Qeyd edək ki, “Sana” klinikasının loqosundan istifadə edilməsi dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq ediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfə verəcək.

Məlumat üçün bildirək ki, “Sana” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən fəaliyyət göstərən aparıcı tibb şirkətlərindən biridir. 34 000-dən çox əməkdaşı olan klinika 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR