Bakı, 6 iyun, Nihat Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri – TANAP və “Türk axını” kimi beynəlxalq layihələrin həyata keçirilməsi Türkiyənin əhəmiyyətini və dəyərini artırır. Bu, Türkiyədəki siyasi sabitliyə duyulan inamı və etimadı göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. “TANAP Türkiyədə 21 ərazidən keçəcək və inşa olunacaq 6 böyük binada 5 minə yaxın yeni iş yeri açılacaq. Həmçinin, bu layihə Türkiyənin iqtisadiyyatına təxminən 10 milyard dollara yaxın vəsaitin qoyuluşunu təmin edəcək”, - deyə nazir bildirib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə kəmərlə ildə 16 milyard kubmetr qaz nəql olunacaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.
