Azərbaycanla Rumıniya XİN-ləri arasında məsləhətləşmələr keçirildi

Buxarest şəhərində Azərbaycan Respublikası və Rumıniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Rumıniya nümayəndə heyətinə dövlət katibi Ana Kristina Tinka rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və bu mötəbər tədbirin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacağı bildirilib.

Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev, həmçinin Rumıniyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən tədbirdə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı