Vergilər Nazirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Vergilər Nazirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)
20:18 19 Yanvar 2015
90 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Vergilər Nazirliyində 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, nazirliyin əməkdaşları qarşısında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, 25 il əvvəl ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.

Bildirilmişdir ki, 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində “cinayət tərkibi olmaması” qənaətinə gəlinərək, 22 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib və cinayət işinin materialları Moskvaya aparılıb. Azərbaycanın Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək, yenidən cinayət işi başlanılmışdır. İstintaqla müəyyən edilmişdir ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Tədbirdə xüsusi vurğulanmışdır ki, qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilmiş, faciənin günahkarlarının adları açıqlanmışdır. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda ulu öndərin heç bir şeydən çəkinmədən Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkaranə şəkildə nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanmışdır.

Azərbaycan xalqı 20 yanvar qurbanlarının xatirəsini bu gün də əziz tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret göstərişlər verir, kompleks tədbirlər həyata keçirilərək onlara lazımi diqqət və qayğı göstərilir.

Tədbirdə Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Unutqanlıq qorxunc bəladır” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR