20 yaşlı futbolçular arasında dünya çempionatında inanılmaz futbol hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, A qrupunun 3-cü tur oyununda Ukrayna ilə ABŞ yığması arasındakı matçda hakim biabırçı qərarla ukraynalıların qapısına penalti zərbəsi təyin edib.

Təkrara baxdıqda açıq-aydın görünür ki, cərimə meydançası daxilində bir epizodda ukraynalı futbolçu Poleyenko amerikalı Allenə toxunmur. Ancaq matçın qabonlu baş hakimi Otoqo Kastane heç kimin gözləmədiyi halda 11 metrlik nöqtəni göstərir.

Hətta ABŞ-lı oyunçuların da təəccüblə qarşıladığı qərar dəyişmir. Xoşbəxtlikdən, Hindmanın zərbəsini Ukrayna millisinin qapıçısı Sarnavski dəf edir.

Xatırladaq ki, matç Ukraynanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az