İspaniyalı futbolçu Andres İniesta futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin "Emirates Club" komandası İniesta ilə yollarını ayırıb. Klubsuz qalan 40 yaşlı futbolçu haqqında yeni iddialar ortaya çıxıb.
İspaniya qəzetlərindən olan "Relevo"nun məlumatına görə, Andres İniesta futbol karyerasını başa vurmağa hazırlaşır. Qəzetin iddiasına görə, futbolçu 8 oktyabr 2024-cü il tarixində təqaüdə çıxacağını rəsmi olaraq açıqlayacaq.
Futbolu tərk etməyə hazırlaşan ulduz futbolçu İspaniya futbolu tarixində əhəmiyyətli qollardan birinə imza atmışdı. 2010-cu ildə keçirilən FIFA Dünya Kubokunun final matçında Niderland qapısına vurduğu qol İspaniyaya tarixindəki ilk dünya çempionluğunu qazandırmışdı.
"Relevo" nəşri ulduz futbolçunun məşqçiliyə hazırlaşdığı barədə də iddia irəli sürüb. Qəzet bu iddianı İniestanın yay aylarında "Barselona"nın təşkil etdiyi bir tədbirdə dediyi sözlərə əsaslanaraq irəli sürüb.
40 yaşlı futbolçu həmin tədbirdə, "Məşqçilik lisenziyamı almaq üçün çalışıram. Gələcəkdə nə olacağını görəcəyik" ifadələrini işlədib.