“SİMA Token”in onlayn sifariş vermək mümkün oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AzInTelecom” MMC vətəndaşlar və sahibkarlar üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanını yaradıb.

Metbuat.az xəbər verir ki, bu barədə “AzInTelecom”dan məlumat verilib.

Bildirilib ki, artıq istənilən vaxt www.sima.az saytı vasitəsilə “SİMA Token” elektron imzasını sifariş etmək mümkündür.

Vətəndaşlar sifariş prosesini uğurla tamamlamaq üçün saytda onlayn sorğu yaradaraq şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş üçün müqavilə “SİMA İmza” ilə imzalanır. Vətəndaşlar üçün 3 illik token imzasının məbləği 18 manat təşkil edir.

Sahibkarlar isə “SİMA Token” imzası sifariş etmək üçün şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, VÖEN nömrəsini, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş müqaviləsi “SİMA İmza” ilə imzalanır. Sahibkarlar üçün 3 illik token imzasının məbləği 36 manatdır.

Qeyd edək ki, buna qədər “SİMA Token” sifariş etmək üçün vətəndaşlar və sahibkarlar xidmət məntəqəsinə getməli olurdular. İndi isə imzanı onlayn sifariş etməklə istifadəçilər satış məntəqələrinə getmədən və növbə gözləmədən vaxta qənaət edirlər. Elektron imza hazır olduqdan sonra isə onu təhvil almaq üçün seçdikləri poçt məntəqəsinə yaxınlaşmaq kifayətdir.

“SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkaredilməzlikdir. Tokendən elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka krediti müraciətlərində, elektron məhkəmə sistemi, mobil notariat, ƏMAS, bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.

“SİMA Token”dən istifadə üçün ardıcıl olaraq imzalayıcı proqram təminatını, “driver”i və mərkəzi sertifikatı yükləyib quraşdırmaq lazımdır. Daha sonra “SİMA Token”i kompüterə qoşmaqla istənilən sənədi onlayn qaydada imzalamaq mümkündür. Elektron imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və ya 157 Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı