Şeyxə hədiyyə verildi, Emin iri layihəyə başladı - Bu ölkədə

Özbəkistanda Azərbaycana çox böyük hörmət və diqqət var. Bunu bu ölkədə keçirilən konfransın gedişində rəsmilərin bizə olan münasibətindən hiss etdik. Prezidentin adından Azərbaycan nümayəndə heyəti üçün ayrıca bir ziyafət verildi. Həmçinin prezidentin Şeyxülislama hədiyyəsi təqdim olundu.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev Özbəkistana səfər təəssüratını bölüşərkən deyib.

O bildirib ki, torpaqlarımız işğal altında olanda Özbəkistan heç vaxt Ermənistanla diplomatik əlaqələr qurmayan bir neçə ölkədən – digərləri qardaş ölkələr Türkiyə və Pakistan - biri idi:

“Orda Azərbaycanı çox sevirlər. Azərbaycanlılar da kifayət qədərdir. Ölkədə böyük bir inkişaf var. Prezident Mirziyayev müəyyən iqtisadi azadlıqlar verib və bu azadlqlardan istifadə edirlər. Azərbaycan diasporunun təmsilçiləri ilə də görüşmək imkanımız oldu, həmçinin səfirliyin nümayəndələri ilə, səfirlə görüşdük. Onlar da söylədilər ki, Çin, Sinqapur, Türkiyə Özbəkistanda böyük investisiya layihələri həyata keçirir. O cümlədən Emin Ağalarov Bakıdakı “Sea Breeze”də olduğu kimi, Daşkənddə də böyük layihələri gerçəkləşdirməyə başlayıb. Bakıda mənzil tikintisi ilə bağlı böyük problemlər yaradıldığından, Azərbaycanın tikinti şirkətləri müxtəlif ölkələrə üz tutublar, o cümlədən də Özbəkistana. Süni problemlər səbəbindən keçən illə müqayisədə Azərbaycanda mənzil tikintisi 36 faiz azalıb. Bu da ona gətirir ki, evlərin qiyməti aşağı düşmür və tikinti şirkətlərinin bağlanmasına görə nə qədər insan iş yerlərini itirir, büdcəyə vergi daxilolmaları azalır, tikintiyə bağlı sahələr müflisləşir, maliyyə vəsaitləri xaricə çıxarılır. Azərbaycanlılar Özbəkistana investisiya qoymağa başlayıblar. Şəhərin mərkəzi xeyli abadlaşdırılıb. Özbəkələrin gələcəyi ilə bağlı çox nikbinəm. Əhalisinin də sayı artıq 37 milyona çatıb. Azərbaycan-Özbəkistan iqtisadi, humanitar, mədəni əlaqələri daha da inkişaf edə bilər. Dilimiz də çox oxşardır. Bir az diqqətli olanda onları başa düşmək olur, sözlərin kökü eynidir. Əminəm ki, bir neçə ay özbək dilini məişət səviyyəsində öyrənmək üçün yetərlidir. Məsələn, Şeyx həzrətləri orada ali dini təhsil aldığına görə konfransdakı çıxışını da özbək dilində etdi və iştirakçılar tərəfindən çox isti qarşılandı. Eyni millətik. Buradan da ora təyyarə ilə cəmi 2 saatlıq yoldur, çox yaxındır. Əlaqələri inkişaf etdirmək, genişləndirmək lazımdır. Kimlə görüşürdüksə, onlar da arzularını ifadə edirdilər ki, biz daha yaxın olmalıyıq. Musiqimizi çox sevirlər, səsləndirirlər, demək olar ki, çox oxşardır. Azərbaycana münasibət olduqca yaxşıdır və sözün doğrusu, bu, məni çox sevindirdi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı