"Megastore"dan aldığı qutabdan zəhərləndi - İDDİA / FOTO

Bakı şəhər sakini supermarketdən aldığı göyərti qutabından zəhərləndiyini iddia edib.

Metbuat.az-ın “qaynar xətt”inə müraciət edən Elvin Nəbiyev bildirib ki, Xətai rayonu Sarayevo küçəsində yerləşən "Megastore" supermarketindən aldığı qutabı yedikdən qısa müddət sonra özünü pis hiss etməyə başlayıb. O, qutabın içini açdıqda göyərtilərin palçıqlı və təmizlənməmiş halda olduğunu görüb. Bu mənzərə narahatlığını daha da artırıb, nəticədə vəziyyəti pisləşdiyinə görə təcili yardıma müraciət etmək məcburiyyətində qalıb.

E.Nəbiyev bu barədə adı çəkilən marketə müraciət etsə də, şikayətinin təmin edilmədiyini bildirib. O, aldığı məhsulun keyfiyyətinin aşağı olduğunu vurğulayaraq bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumların müdaxiləsini və qida təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsini istəyir.

Vətəndaşın şikayəti əsasında "Megastore" supermarketlər şəbəkəsinə müraciət etdik.

Metbuat.az-ın sorğusuna cavab olaraq şirkətdən bildirildi ki, şikayətçinin aldığı məhsul "Megastore" marketinin tərkibində fəaliyyət göstərən "Azcake" markasına aiddir. Məsələ dərindən araşdırılacaq və aydınlaşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq vurğuladılar ki, zəhərlənmə faktı iddiası araşdırılacaq, məsələ agentlik tərəfindən nəzarətə götürüləcək və müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi ilə bağlı məlumat veriləcək.

Bəs bu kimi məsələlərdə vətəndaşlar hansı addımları atmalıdırlar?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu problemlə bağlı istehlakçıların hüquqlarını müdafiə etməklə bağlı ciddi narahatlıqlarını ifadə edib.

Metbuat.az-a verdiyi açıqlamada o, vətəndaşların zəhərlənmə halları ilə bağlı səhiyyə orqanlarına müraciət etmələrinin çətinliklərlə müşayiət olunduğunu vurğulayıb.

Eyyub Hüseynov 27 il ərzində istehlakçıların zəhərlənmələrindən sonra heç bir kompensasiya almadığını, hətta dünyasını dəyişmiş istehlakçıların ailələrinin belə bu məsələ ilə bağlı müraciət etmədiyini qeyd edib:

“Azərbaycanda zəhərlənmələrin statistikası ümumdünya göstəricisindən dəfələrlə az göstərilir. Heç bir dəfə də olsun dünyasını dəyişmiş istehlakçının ailəsinə kompensasiya vermək mümkün olmayıb. Çünki bunun üçün müvafiq sənəd lazımdır. Təcili yardım çağırmaq haqqında sənəd olmalıdır ki, təcili yardım gəldikdə, nə diaqnoz qoyulduğu təsdiqlənsin. 20 ildir ki, biz istehlakçıların hüquqlarını qoruyuruq, bir dəfə də görməmişik ki, zəhərlənmə ilə bağlı kiməsə kompensasiya verilsin. Dünyasını dəyişən insanlara və ya əlil olmuş insanlara heç bir müavinət verilməyib. Belə bir şəraitdə əhalinin qida təhlükəsizliyi təmin olunmur, ekspertizalar və tədqiqatlar isə müasir tələblərə cavab vermir”.

Eyyub Hüseynov istehlakçıların hüquqlarını qorumaq məqsədilə zərər çəkmiş şəxslərin müvafiq olaraq müraciət etmələrinin vacibliyini vurğulayıb. O, həmçinin qida məhsullarının keyfiyyətinin mütəmadi yoxlanmasının və həkimlərin bu cür hallarda daha cəsarətli olmalarının zəruriliyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR