​Çində 12 robot başqa bir robot tərəfindən qaçırıldı

Çində 12 robot başqa bir robot tərəfindən qaçırılıb.

Metbuat.az xəbər verir ki, maraqlı hadisə robototexnika şirkətinin salonunda baş verib. Hadisə sosial mediada böyük əks-səda doğurub. Təhlükəsizlik kameralarına düşən görüntülərdə kiçik robotun salona girərək 12 iri ölçülü robotu arxasınca apararaq onları “işlərini tərk etməyə” inandırdığı müşahidə edilib. Kiçik robot sərgi salonunda digər robotlarla ünsiyyət quraraq, iki robotu “evə getməyə” inandırıb. Daha sonra isə onlara 10 robot da qoşulub.

Kiçik robot böyük robotlara bu sualı verib:

"İş vaxtından artıq işləyirsən?"

Böyük robotlardan biri cavab verib:

"Mənim işim heç vaxt bitmir."

- Onda evə getmirsən?

"Mənim evim yoxdur."

Kiçik robot "Onda mənimlə gəl" deyib və onları çölə aparıb.

İki böyük robot əvvəlcə kiçik robotu izləyib. Digər 10 robot da kiçik robotun “Evə get” əmri ilə salondan ayrılıb. Hadisənin reallığı sosial mediada mübahisələr yaratsa da, Hançjouda yerləşən robototexnika şirkətindən bildirilib ki, “qaçırma” hadisəsi sınaq çərçivəsində həyata keçirilib. Şirkət Şanxaydakı istehsalçı ilə əməkdaşlıq edərək sərgi salonuna daxil olmaq üçün icazə aldıqlarını və süni intellektlə dəstəklənən robotlarına digər robotları “inandırmaq” tapşırığını verdiklərini bildirib. Şirkət rəsmiləri hadisənin saxta olmadığını bildirib. Robotların belə qabaqcıl sosial qabiliyyətlər nümayiş etdirə bilməsi süni intellektin təhlükəsizliyi və etika məsələlərini bir daha gündəmə gətirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı