“Rəqiblərimizin gücü hər kəsə bəllidir. Bizi sentyabrda çox ağır, vacib və məsuliyyətli oyunlar gözləyir. Çalışacağıq ki, komanda şəklində bütün matçlara hazır olaq”.
Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması barədə danışarkən deyib.
27 yaşlı hücumçu dörd komandalı qrupa düşmələrinə münasibət bildirib: “Belə hal ilk dəfədir baş vermir. Mən milli komandada oynayandan biz seçmə mərhələdə Estoniya, San Marino kimi kiçik, amma yaxşı yığmalarla eyni qrupa düşmürük. Səhv etmirəmsə, Estoniya seçməsi ilə yalnız bir dəfə seçmə mərhələdə üz-üzə gəlmişik. Sözsüz ki, asan rəqib deyil. Bu kollektiv əvvəlki illərə nisbətən xeyli inkişaf edib. Ona görə də 5 komandalı qrupda olmamağımız bizim üçün normal haldır”.
O, Fransa və Xorvatiya kimi iddialı komandalara qarşı oynamağın futbolçulara böyük təcrübə qazandıracağını söyləyib: “Bizim üçün belə yığmalarla qarşılaşmaq çox xoş, eyni zamanda məsuliyyətlidir. Fransa dünya çempionu və ikincisi, Xorvatiya isə mundialın üçüncüsüdür. Bu iki komandadan biri rəqibimiz olacaq. Seçmə mərhələdə üzərimizə düşəni edəcək, doğru şəkildə hazırlaşıb cəsarətli futbol göstərəcəyik. Hazırda əsas məqsədimiz budur. Amma cəsarətli futbol oynamaq adı ilə ağlımızı itirməməli, diqqətli davranmalıyıq. Məşqçilərimizin təlimatlarına qulaq asacaq, verilən tapşırıqları yerinə yetirəcəyik”.
Hazırda Almaniyanın II Bundesliqa təmsilçisi “Nürnberq”də çıxış edən futbolçu öncədən proqnoz verməyin çətin olduğunu söyləyib: “Açığı, proqnoz verməyi xoşlamıram. Qrupda hansı yer uğrunda mübarizə aparacağımızı indidən deyə bilmərəm. Sadəcə, yaxşı nəticələr qazanacağımıza ümid edirəm”.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya yığmaları ilə D qrupunda mübarizə aparacaq. Bu qrupun oyunlarına 2025-ci ilin sentyabr ayında start veriləcək.