2024-cü ildə biznesin qeydiyyatı sahəsində bir sıra əhəmiyyətli yeniliklər edilib. Bunlardan ən əhəmiyyətlisi xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi, həmçininyerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır.
Bu yeniliklər ölkəmizdə biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. Bu günə biznesin qeydiyyatı prosesi üzrə Azərbaycan dünyada olan ən yaxşı təcrübələrdən birinə malikdir.
Hazırda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu biznes qeydiyyatının effektivliyinin daha da artırılması üçün müvafiq Yol Xəritəsi çərçivəsində intensiv işlər aparır. Son bir ildə biznesin qeydiyyatının sadələşdirilməsi məqsədilə “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü və müvafiq qurumların birgə səyi ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanaraq qəbul olunub və təsdiqlənib. Bununla da kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində qüvvədə olan qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi prosesinə başlanılıb. Xarici biznes üçün dövlət qeydiyyatının sadələşdirilməsi investisiya və biznes mühitinin cəlbediciliyinin artırılması ilə yanaşı, həmçinin ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinə də müsbət təsir göstərəcək.
2024-cü ildə bu sahədə daha bir mühüm addım yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır.
Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı biznesin vaxt itkisinin əhəmiyyətli azalmasına şərait yaradır. Buna qədər yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı ilə bağlı prosedurlar elektron qaydada həyata keçirilirdi. “Biznesə daxilolma” işçi qrupu tərəfindən aparılan hüquqi, təşkilati və texniki tədbirlərdən sonra artıq yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması üçün elektron ərizə ilə müraciət edə bilərlər.
2025-ci ildə bu sahədə yeni islahatların da aparılacağı gözlənilir. Kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların reyestrinin aparılması ilə bağlı işlər həyata keçirilir, müvafiq normativ sənədlər hazırlanır və qüvvəyə mindikdən sonra texniki imkanlar yaradılacaq.
Beləliklə, ölkəmizin biznesin qeydiyyatı prosesi üzrə təkmilləşməkdə olan təcrübəsi ona dünya ölkələri arasında ən yaxşılardan biri kimi öz yerini saxlamağa imkan verəcək.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli