Bakı, 8 iyun, AZƏRTAC
Bakı şəhərinin baş ftiziatrı, Əməkdar Həkim Yavər Şıxəliyevin “Elm” Redaksiya Nəşriyyat Poliqrafiya Mərkəzində “Vərəmli xəstələrin erkən aşkarı, müalicəsi və müşahidəsi” adlı kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitab ali və orta tibb təhsili alan tələbələr, eləcə də internatura-ordinaturada təhsil alan həkimlər, ftiziatrlar, pulmonoqlar və epidemioloqlar üçün nəzərdə tutulub. Səhiyyə Nazirliyinin qərarı və Təhsil Nazirliyinin əmri əsasında nəşr hüququ verilmiş dərs vəsaitində Dünya Səhiyyə Təşkilatının vərəmlə mübarizə strategiyasının mühüm məqamları ftiziatriyanın elmi və təcrübi nailiyyətlərinə inteqrasiya şəklində göstərilib.
Dərs vəsaiti səkkiz fəsildən ibarətdir. Birinci fəsildə vərəm xəstəliyi haqqında tarixi məlumatda ilk dəfə olaraq Azərbaycanda ftiziatriya elminin keçmişi və müasir inkişafı mərhələlərlə göstərilib. İkinci fəsildə vərəm xəstəliyinin etiologiyasına və patogenezinə müasir baxışlar geniş şərh olunub. Tənəffüs sistemi üzvlərinin anatomik quruluşu və vəzifələri, ayrı-ayrı üzvlərə görə əzələ-sinir, limfa-qan dövranı sistemləri mükəmməl şəkildə üçüncü fəsildə göstərilib. Vərəm xəstəliyinin aşkarlanma yolları, habelə aktiv-passiv aşkarlanma və onun müasir aspektləri, vərəmin epidemioloji xüsusiyyətləri və göstəriciləri dördüncü, beşinci və səkkizinci fəsillərdə yer alıb. Vərəm əleyhinə müəssisələrin struktur bölmələri, xüsusən bu müəssisələrin əsasnaməsi, xəstələrin effektli müalicəsinin müasir təşkili altıncı və yeddinci fəsillərdə əks olunub.
Qeyd edək ki, tanınmış alimin yerli və xarici mətbuatda 200-dən çox elmi məqaləsi dərc edilib.