Bəzən hərbi xidmətə gedən şəxslərin banka kredit borcu ola bilir. Bu halda kredit borcunu ödəməsi prosesi necə həyata keçirilir?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, bankların kredit verməsi vətəndaşla bank arasında rəsmiləşdirilən kredit müqaviləsi əsasında həyata keçirilir və orada həm faiz dərəcəsi, həm müddət müəyyən olunur. Eyni zamanda bankın tərəfindən şərtlər müəyyən olunan zaman orada hər hansı əlavə şərtlər qarşılıqlı olaraq razılaşdırılır:
“Hər kəs bilir ki, hər nə qədər tərəflər qanun və müqavilə üzrə bərabər hesab olunsalar da, burada əsas söz sahibi, dominant mövqedə duran bankdır və bank müqavilə şərtlərini müəyyən edir. Təbii ki, vətəndaş onu bir müddətdən sonra hərbi xidmətə çağıracaqlarını bilirsə, bu barədə o, müqavilə şərtlərində tələb edə bilər ki, vətəndaş hərbi xidmətə çağırıldığı zaman onun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası dayandırılsın və ya ən azından həmin kredit müqaviləsinin öhdəlikləri üzrə hərbi xidmətdə olduğu müddət ərzində faizlərin hesablanması dayandırılsın”.
Hüquqşünas qeyd edib ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb və vətəndaş hərbi xidmət zamanı mütləq şəkildə banka olan öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir:
“Bankın həm də hüququdur ki, əgər vətəndaş tərəfindən müraciət olunarsa və ya onun hərbi xidmətdə olmasını təsdiq edən sənədlər təqdim olunarsa, bununla bağlı hüququnda seçim edə bilər. Ya kreditin ödənişini dayandıra bilər, ya da kreditin ödənişinin davam etdirilməsi barədə tələb edə bilər. Eyni zamanda kreditin təminat tədbirlərindən biri də girov, zaminlik müqaviləsinin bağlanmasıdır. Vətəndaş əgər həmin krediti ödəməni çatdıra bilmir və ödəməsi dayandırılarsa, sırf hərbi xidmətlə bağlı təxirəsalınma həyata keçirilməsi tələb olunarsa, belə olan təqdirdə bank alternativ olaraq kreditin təminatı kimi zaminlərdən ödənişləri tələb edə və ya girov əmlakının üzərinə yönləndirə bilər. Amma ölkə üzrə əgər ümumi səfərbərlik elan olunarsa, hərbi xidmətini keçmiş şəxs banka müraciət edə bilər və bank da fors-major vəziyyətləri nəzərə alaraq kreditin ödənilməsini dayandıra bilər”.
Sevinc İbrahimzadə / Metbuat.az