Asiya İnkişaf Bankı (ADB) "Bakı Metropoliteni"nin genişləndirilməsi layihəsi çərçivəsində texniki yardım üçün 225 min ABŞ dollarının ayrılmasını təsdiqləyib.
Metbuat.az ADB-yə istinadən xəbər verir ki, maliyyələşdirmə xüsusi texniki yardım fondundan həyata keçiriləcək.
Vəsaitlər “Bakı Metropoliteni” QSC-nin aşağıdakı istiqamətlərdə dəstəklənməsinə yönəldiləcək:
- mövcud və hazırlanan layihə sənədlərinin təhlili:
- nəqliyyat sektorunda idarəetmə səmərəliliyinin artırılması üçün institusional dəyişikliklərə dəstək;
- infrastruktur layihələrinin həyata keçirilməsində potensialın gücləndirilməsi,
- ekoloji tələblər, satınalmalar və layihə fəaliyyətinin digər aspektləri sahəsində ADB standartları ilə bağlı biliklərin ötürülməsi.
Bu dəstəyin Bakıda metropolitenin müasir, səmərəli və tələblərə uyğun inkişafına töhfə verəcəyi gözlənilir.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddətdə bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.
Bundan əlavə, ADB səhiyyə, kənd təsərrüfatı, maliyyə və s. sektorlara da dəstək verib.
Hazırda bank Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını hazırlayır. Bankla əvvəlki strategiya 2019-2023-cü illər üçün nəzərdə tutulmuşdu.
1966-cı ildə yaradılmış ADB-in qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Onun 69 üzvü var, onlardan 49-u region ölkələridir.