Son illərdə Xəzər dənizində suyun səviyyəsinin sürətlə enməsi regionda ciddi narahatlığa səbəb olub. Dənizin yavaş-yavaş geri çəkilməsi təkcə təbiəti deyil, eyni zamanda bölgədə yaşayan insanları, balıqçılıq və nəqliyyat sahələrini, enerji sektorunu birbaşa təhdid edir. Xəzərin quruma təhlükəsi hər ötən il daha da aydın hiss olunur.
Metbuat.az məsələ ilə bağlı kiçik araşdırma edib, ekspertlərin fikirlərini öyrənib.
Hal-hazırda Xəzər dənizinin ən çox quruyan bölgələri hansılardır?
Ətraf mühit məsələləri üzrə ekspert, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov bildirib ki, Xəzərin əsas dayaq hissəsi onun şimal hissəsidir və quruma ən çox bu hissədə müşahidə olunur:
“Xüsusilə Rusiyanın Həştərxan vilayətində, Volqa çayının mənsəb hissəsi, Volqanın deltası və ona yaxın ərazilərdə, həmçinin Qazaxıstanın Atyrau və Mangistau vilayətlərində quruma hadisələri daha çox hiss edilir və görünür. Bu bölgələrin bəzi yerlərində qurumanın xətti uzunluğu 30-50 km-ə qədər çata bilir. Türkmənistanda isə əsas quruma Qaraboğazgöl hissəsində baş verir. Doğrudur, orada Xəzərdən su daxil olur, amma gölün sürətlə azalması əlavə qurumalara gətirib çıxarır. Həmçinin Qazaxıstanda Aktau şəhəri ətrafında da çox sayda quruma baş verir”.
Ekoloq Azərbaycanda ən çox qurumanın Abşeron yarımadasında müşahidə edildiyini söyləyib:
“Bakı arxipelaqı, Çilov adası, Səngi Muğan və digər bu cür adalarda quruma daha çox görülür. Bu ərazilərdə dayazlıqlar mövcud olduğu üçün hətta yeni adalar əmələ gəlir. İri sahələr də açılıb və çox sayda dayazlıq müşahidə olunur. Həmçinin Kür çayının delta hissəsi də dayazlaşıb. Amma digər ölkələrlə müqayisədə Azərbaycan və İranda qurumanın izləri nisbətən daha azdır”.
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi təbii proseslərdir, yoxsa insan fəaliyyəti ilə bağlıdır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədovun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi qlobal istiləşmənin təsirindən yaranır:
“Xəzər, əsasən, Volqa çayı ilə qidalanır. Bu çay Rusiya Federasiyasının şimal hissəsində, Həştərxan tərəfdə Xəzərə tökülür. Lakin Volqa çayının özündə də suyun azalması müşahidə olunur. Bunun səbəbini dəqiqləşdirmək bir az çətindir, çünki Rusiyadan bu barədə məlumat əldə edə bilmirik. Ehtimallardan biri odur ki, Volqadan su götürülməsi Rusiyanın müxtəlif bölgələrində artıb, həmin su kənd təsərrüfatı, sənaye və məişət məqsədləri üçün istifadə olunur. Volqadan su çəkildikcə Xəzərə tökülən su miqdarı azalır və bu da ümumi Xəzər hövzəsinin su balansına təsir edir. Nəticədə dənizin səviyyəsi düşür və qlobal istiləşmə ilə əlaqədar Xəzərdə buxarlanmanın intensivləşməsi müşahidə olunur”.
A.Məmmədov qeyd edib ki, Xəzər dənizi qapalı hövzədir, yəni coğrafi olaraq göldür, onun duzluluğu promillə hesablandığında okean suyunun duzluluğundan daha azdır. Duzluluq azaldıqca buxarlanma intensivləşir.
Mövcud vəziyyət davam edərsə, 10-20 ildən sonra Xəzər dənizində nə baş verə bilər?
Ekoloqun fikrincə, belə davam edərsə, Xəzər dənizində səviyyənin qalxma ehtimalı çox aşağıdır:
“2007-ci ildən bu günə qədər Xəzərin səviyyəsi yalnız enib. Əgər bu proseslər və təsirlər davam edərsə, indiki səviyyədən daha aşağıya doğru enmə ehtimalı var. Bu enmə bir neçə santimetr və ya bir metrə çata bilər, hətta bəlkə də stabil qala bilər. Bu vəziyyət müxtəlif iqlim ssenarilərindən asılıdır. Məsələn, Avropa və Qərb alimləri qorxulu ssenarilər üzərində işləyərək 2100-cü ilə qədər Xəzər dənizinin səviyyəsinin 18 metrə qədər düşməsini proqnozlaşdırırlar. Lakin Rusiya Federasiyasının tədqiqatçıları bununla razılaşmır və belə kəskin enmə ehtimalını istisna edirlər. Onlar müəyyən cüzi enmənin olacağını və sonra səviyyənin yenidən qalxa biləcəyini vurğulayırlar. Əgər Volqa çayının qidalandıran mənbələrinə daha çox su daxil olsa, Xəzər dənizinin səviyyəsi yenidən stabil hala gələ bilər”.
Sevinc İbrahimzadə / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə hazırlanmışdır.