Trampın qərarı azərbaycanlılar üçün fürsət ola bilər

ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən mallara tətbiq olunan gömrük rüsumlarını yüksəldib.

Metbuat.az xəbər verir ki, Ağ Ev bu qərarla bağlı açıqlamasında Trampın Çin məhsullarına tətbiq etdiyi rüsumların 145 faiz olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Çindən idxal edilən mallara 125 faizlik rüsum tətbiq etmişdi.

Mövzuya münasibət bildirən Almaniyanın "Commerzbank"ının Maliyyə və Riskin İdarə Olunması Şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı Murad Calalov bildirib ki, ABŞ-yə ixrac olunan Çin məhsullarına 125 faizlik tariflərin tətbiqi dünyada qısa müddətdə geniş yayılan Çin istehsalı elektrikli avtomobillərin satışında ciddi azalmaya səbəb olacaq:

“Bu qərar, xüsusilə Çin avtomobillərinin "Tesla" qarşısında zəifləməsinə və nəticədə birjalarda bu sahədəki şirkətlərin səhmlərinin dəyərinin azalmasına gətirib çıxaracaq. ABŞ-nin əsas məqsədi isə dolayısı ilə Avropa İttifaqı ölkələrini öz neft və qaz ehtiyatlarından asılı vəziyyətə salmaqdır. Çünki ABŞ-dan ixrac olunacaq təbii ehtiyatlar əlavə vergi və rüsumlardan azad ediləcək. Avropa isə avtomobil ixracından itirdiyi gəliri enerji idxalı ilə kompensasiya etməyə məcbur qala bilər”.

Murad Calalov əlavə edib ki, Trampın bu qərarlarının əsas hədəfi Avropanı, xüsusilə Almaniyanı Rusiyanın enerji asılılığından uzaqlaşdırmaqla öz təsir dairəsinə almaqdır:

“Rusiya kimi böyük avtomobil bazarını itirən Avropa, indi də Amerika kimi nəhəng avtomobil alıcısını itirmək riski ilə üz-üzədir. Bu məsələdə əsas qərarverici tərəfin Almaniya olacağını düşünürəm. "BMW", "Mercedes", "Porsche", "Volkswagen" kimi nəhəng avtomobil istehsalçılarının illik satışlarının təxminən 13%-i ABŞ bazarına düşürdü ki, bu da təxminən 24 milyard avro gəlir deməkdir”.

İqtisadçı bildirib ki, dünən axşam saat 18:00-dan bu gün səhər saatlarına qədər Alman avtomobil şirkətlərinin səhmlərində kəskin yüksəliş müşahidə olunub. Bu, digər ölkələrə tətbiq olunan tariflərə fasilə verilməsi barədə qərarın nəticəsi kimi qiymətləndirilir və qısa müddətdə əldə edilən ciddi gəlir hesab olunur. O qeyd edib ki, bu dalğalanmalar bir müddət daha davam edə bilər.

Murad Calalov əlavə edib ki, Trampın bu qərarı Çin məhsullarının Rusiya bazarına yönəlməsinə səbəb olacaq və bu, Rusiyada ticarət aktivliyini artıracaq. Bu tendensiya isə həmin ölkədə çalışan azərbaycanlılar üçün də daha əlverişli iqtisadi imkanlar yarada bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı